Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib.
Dünən Azərbaycanın görkəmli rəssamı, mərhum sənətkar Ucal Haqverdiyevin 65 illik yubileyinə həsr olunmuş “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir baş tutub.
APA xəbər verir ki, tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni kitabın təqdimatı keçirilib. Ucal Haqverdiyevin əsərlər toplusunu təşkil edən bu nəşr “Azercell Telekom”un təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib.
Milli irsin qorunması ön plandadır
Tədbirdə çıxış edən “Azercell Telekom”un Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova rəssamın yaradıcılığına həsr olunmuş kitabdan bəhs edərkən belə dedi: “Ucal Haqverdiyev kimi dahi sənətkarlarımızın irsini tanıtmaq və gələcək nəsillərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır çünki milli mədəni irsimizin qorunması və tərənnüm edilməsi şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir.”
Ucal Haqverdiyevə həsr olunmuş xatirə markaları
Tədbir çərçivəsində “Azərpoçt” MMC tərəfindən rəssamın 65 illik yubileyinə həsr olunmuş xatirə poçt markaları təqdim olunub. Azərpoçtun Marka şöbəsinin müdiri Sitarə Hüseynova bu təşəbbüsün sənət irsinin filateliya vasitəsilə yaşadılmasına və mədəni dəyərlərin təbliğinə töhfə verdiyini vurğulayıb.
Xüsusi dizaynlı rəqəmsal kartlar
A-Solutions Elektron Pul Təşkilatının reallaşdırdığı “Maliyyə və mədəniyyət bir arada” layihəsi çərçivəsində Ucal Haqverdiyevin əsərləri “akart” vasitəsilə rəqəmsal formatda geniş istifadəçi kütləsinə təqdim olunub. Layihə barədə danışan A-Solutions-un baş icraçı direktoru Həsən Həsənov bildirib: “Bu layihə vasitəsilə A-Solutions Ucal Haqverdiyev kimi nadir sənətkarların yaradıcılığı daha geniş auditoriyaya və gənc nəslə çatdırılır.”
Rəssam haqqında xatirələr səsləndirildi
Tədbirdə çıxış edən xalq rəssamı Fərhad Xəlilov Ucal Haqverdiyevin Azərbaycan təsviri sənətində özünəməxsus yeri olduğunu qeyd edib. Rəssamın qardaşı, Azərbaycanın tanınmış rəssam və heykəltaraşı Hüseyn Haqverdiyev isə bildirdi ki, qısa ömür sürməsinə baxmayaraq,
Ucal Haqverdiyev çoxsaylı qiymətli əsərlər yaradıb: “Ucal cəmi 44 il yaşasa da, sənətdə buraxdığı izlər əbədi qalacaq.”
Tədbirin sonunda iştirakçılara Ucal Haqverdiyevin yubileyi münasibətilə nəşr olunan kitabın nüsxələri təqdim edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.