ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Jurnalistika bütün peşələrdən yüksəkdə dayanır. Bilirsiniz niyə görə? Müəllim, həkim, mühəndis, şair, yazıçı, alim, eləcə də, hansı sahədə işləməsindən asılı olmayaraq hər kəs, lap elə evdar qadın da jurnalistə inanır. Onun verdiyi məlumatlara etibar edir. Əlbəttə ki, söhbət əsl jurnalistdən gedir- vicdanlı, qərəzsiz, necə deyərlər, faktı dədəsinə də satmayan qələm adamından...
Deyir ki:- “Jurnalistikanı istər aktiv yaradıcılıq növü kimi, istər ekstrimal şəraitdə çalışmaq və nəyin bahasına olursa - olsun cəmiyyəti informasiya ilə təmin etmək baxımından daim maraq dairəsində, diqqət mərkəzində oldğu üçün sevmişəm. Jurnalistika həmçinin sağlam həyat tərzidir. Bu üzdən insanı şəxsiyyət kimi formalaşdıran, cəmiyyətin aktiv üzvü edən və milyonlara tanıdan jurnalistikanı sevməmək sadəcə mümkün deyil.”
Bəli, bu dəfə sizə peşəsi jurnalistika olan, bu gün "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədovdan söhbət açmaq istəyirəm. Axı, iyunun 15-i onun növbəti ad günüdür...
O, 1979-cu ilin iyun ayının 15-də Ağstafada anadan olub. Amma Sumqayıt şəhərində böyüyüb boya-baş çatıb. Orta təhsilini orada alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilə yiyələnib. AzTv-yə gələnədək “Lider”, “İctimai” televiziyalarda çalışıb. O, hətta pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Slavyan Universiteti, Bakı Avasiya Universiteti və Dövlət İdarəçilik Akademiyasında da müəllim işləyib. Bir neçə dərsliyin və “Azərbaycan diasporu və milli mətbuat”, “Avropada Azərbaycan diasporu” və “Lider jurnalist” kitablarının müəllifidir...
“Televiziyanın kandarından içəri keçən və bu sahədə çalışmaq arzusu ilə alışıb yanan hər bir tələbə üçün televiziyanın necə də böyük məkan olduğunu yəqin ki, izah etməyə dəyməz. Bəlkə də bu, çoxlarına qəribə gələcək. Amma inanın ki, Lider Tv-də ştata düşmək üçün 8 ay çalışmışam. Razılaşın ki, bu, az müddət deyil. Lakin sonda istəyimə nail oldum. Daha sonra xəbər aparıcısı, redaktor və İdman redaksiyasının baş redaktoru olmaq nə boyda xoşbəxtlikdir. Səmimi olaraq deyirəm, Lider Tv mənim üçün sadəcə iş yeri olmayıb, doğma evim, ailəm olub. Həyatda əldə etdiyim hər nə varsa Lider TV-yə borcluyam..”- söyləyir.
Yazıçı-ssenarist, kulturolq, bir vaxtlar AzTv-nin müxtəlif redaksiyalarında çalışan Hafiz Ataxanlı (Eynullayev) onun barəsində deyir:- “Rövşən Məmmədovu Lider Tv-dən tanıyırdım. Həm həmkar, həm də sumqayıtlı kimi. İllər sonra mən AzTv-yə dəvət aldım. O ərəfədə telekanallarda maraqlı analitik proqram ərsəyə gətirmək məsələsi gündəmdəydi. Mən də kanallardan birinə infoteyment üzərindən analitika proqramı təklif etmişdim. Amma ədəbiyyat,incəsənət yönümlü olduğum üçün dalınca düşmədim. Bir gün AzTv-də Rövşənin müəllifi və aparıcısı olduğu həftəlik analizə baxdım. Məni tutdu. Aydın, səlis nitq, rəvan danışıq tərzi, intonasiya tənzimlənmələri, çatdırdığı xəbərə səs tembrində və sifət cizgilərində açıq münasibət göstəricisi onu başqalarından çox fərqləndirirdi. Mövzunun ruhu ilə uyğunlaşan, balanslaşan hərəkətlər, süjetlərlə mizanın harmoniyası bir üslubun formalaşmasına rəvac verirdi. "Bu anda belə düşünürəm və belə şərh edirəm" manerası Rövşən müəllimin analitik dərinliyinə əlavə cizgilər qatırdı. Bu gün də Rövşən Məmmədov analitik proqram aparıcısıdır və uğurla öz missiyasını davam etdirməkdədir. Üstəlik sədr kimi daha qlobal məsələlərin həllində çalışır. Onunla işləmək qismət olmasa da, analitik- aparıcı kimi izləyirəm və uğurlar diləyirəm. Yeri gəlmişkən, ilk proqramdan sonra foyedə rastlaşarkən, düşüncələrimi özü ilə bölüşmüşdüm və hər dəfə bunu məndən özü soruşurdu:- Müəllim, dünən baxdınız? Necəydi?”
Bəli, Rövşən Məmmədov AzTv-ni ləng kadrlardan qurtarıb dinamika yarada bildi. İnformasiya operativliyini təmin etdi. Xəbər aparıcıları stendupa çıxmaqla, baş verən hadisənin içinə qatılmaqla informasiyaya rəngarənglik qatdılar. Mövzu çeşidliyi, müsahiblərin hazırlıqlı çıxışları, görüntü keyfiyyəti AzTv yə marağı artırdı. Elə mən özüm də bu gün AzTv-yə məmnuniyyətlə baxıram...
Deyir ki:- “Həmkarlarımın iş prinsipi, dil - üslüb xüsusiyyətləri, peşəkarlığını müzakirə etmək istəməzdim. Düşünürəm ki, kimin nəyə qadir olduğunu auditoriya çox gözəl bilir. Amma bir şeyi qətiyyətlə deyə bilərəm ki, ölkədə televiziya sahəsində inkişaf və peşəkarlıq hiss olunur və bu proses yüksələn xətt üzrə inkişaf edir. Jurnalist olmaq hər zaman maraqlıdır. Azərbaycanda yaradıcılıqla məşğul olmaq və jurnalist kimi formalaşmaq baxımından yetərincə şərait var. Hər bir jurnalist layiq olduğu hörməti və qayğını görür. Yəni özünə və başqalarına hörmət etsən, cəmiyyət də sənə hörmət edəcək...”
İyunun 15-i onun növbəti ad günüdür, 46 yaşı tamam olur. Bu münasibətlə Rövşən müəllimi təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
...Lap unutmuşdum, Rövşən Məmmədov AzTv-yə sədr təyin olunandan sonra, AzTv öz inkişaf dövrünü yaşayır...
Hə, bir də deyir ki: “Nəsir İmamquliyev, Famil Mehdi, Əliş Nəbili, Qulu Məhərrəmli, Zeynal Məmmədli, Akif Rüstəmov, Zaur Babayev, Əli Hacıyev və digər ziyalılar mənim formalaşmağımda böyük rol oynayıblar. Onlara ömrümün sonuna kimi minnətdaram. İnanın, bu gün qazandığım uğurlar onların əməyidir…”
Çox yaşasın!
Hğrmətlə, Elman Eldaroğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.