"Bu gün hansısa ölkənin gücünü ölçmək və nəticənin nə olacağını bilmək çətindir. Nümunə kimi göstərə bilərəm ki, o boyda böyük Rusiyanın güclü ordusu xeyli ondan zəif olan Ukrayna ordusuna faktiki heç nə edə bilmir və bəzi məqamlarda hətta Rusiya çarəsiz qalır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə İsaril-İran münaqişəsini hərbi aspektdən şərh edərkən bildirdi.
"Qaldı ki, İranla İsrailin hərbi gücünü qiymətləndirməyə, sözsüz ki, texnoloji silah baxımından üstünlük İsraildədir. İsrail daha dəqiq, daha uzaq məsafəyə və daha güclü silaha malikdir. Amma istər raketlərin sayı baxımından, istərsə də canlı qüvvə baxımından sözsüz ki, üstünlük İrandadır.
Hətta İrandan daha zəif inkişaf etmiş Yəmən ordusu bu gün İsrailin aeroportuna zərbə vura bilir. Cavabına da istər ABŞ, istər İsrail özü Yəmənə nə qədər zərbə vurursa, nəticə gülməli olur. Yəni, nəticəsi olmur. Həmin məsələ Əfqanıstanda da olub. İstər ora SSRİ hücum edəndə, istərsə də ABŞ, onlar heç nə edə bilmədi. Halbuki güc baxımından daha üstün idilər.
Amma burada bir məsələ gözə çarpır. İsrail-İran münaqişəsində kiçik nüans var: nə İsrail İranın ərazisinə müdaxilə edə bilər, yəni quru müharibə görməyəcəyik, nə də İran say baxımından İsrail torpağına hücum edə bilməz. Çünki texnoloji olaraq bunu bacarmır. İran öz mövqelərini Suriya və Livanda itirdiyinə görə bu gün İran İsrailin ərazisində müharibə edə bilməyəcək".
Ekspertin fikrincə, İranla İsaril bir-birinə zərbə vurmaq, atəş açmaqla kifayətlənəcəklər.
"Əgər onları raket, təyyarə zərbələri baxımından qiymətləndirsək, bu gün çox şey ABŞ-dən asılı olacaq. ABŞ İsrailin arxasında dayansa, hava zərbələrini dəf etməyə kömək etsə, sözsüz ki, üstünlük İsrailə keçəcək. Çünki birinci zərbə həddindən artıq güclü və dəqiq olub.
Amma təkrar zərbələr də olacaq. Təkrar vura bilsə bir məsələ, amma vura bilməsə, onda İranın da raketləri İsrailə böyük zərərlər verə bilər", - deyə Azad İsazadə vurğuladı.
Xədicə BAXIŞLI