İsrailin İranın nüvə və hərbi obyektlərinə, hərbi rəhbərliyinə və raket arsenalına yönəlmiş əməliyyatı 14 gün ərzində davam etməsi planlaşdırılıb.
AzPost bildirir ki, bu barədə “The Wall Street Journal” yüksək rütbəli İsrail rəsmisinə istinadən yazır.
Baş nazir Benyamin Netanyahu daha əvvəl demişdi ki, hərbi əməliyyat “lazım olduğu qədər” davam edəcək.
WSJ həmçinin İsrail rəsmisinə istinadən yazıb ki, İsrail əməliyyatı İran ərazisində hazırlanır: “Agentlər əməliyyatdan xeyli əvvəl partlayıcı maddələr və digər uzaqdan idarə olunan silahlarla dronları ölkəyə qaçaqmalçılıq yolu ilə keçiriblər”-deyə qəzetin mənbəsi bildirib.
ABŞ prezidenti Donald Tramp bu gün günortadan sonra “Truth” sosial media saytında yeni paylaşım edərək bildirib ki, iki ay əvvəl İrana nüvə sazişini imzalamaq üçün 60 gün vaxt verib və bu gün 61-ci gündür. “Mən onlara nə etməli olduqlarını söylədim, amma bacarmadılar. İndi onların ikinci şansı ola bilər!” – siyasətçinin yazısında bildirib.
Tramp əlavə edib ki, ölkə nüvə sazişini imzalamasa, İran daha sərt hücumlarla üzləşəcək.