AZ

Bakıda avtobus sürücüsü sərnişini boğmaq istədi — TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda avtobus sürücüsü sərnişini döyüb. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 16-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 

Salyan rayon sakini Məmməd həmin gün saat 16:40-da Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində idarə etdiyi sərnişin avtobusun içərisində ictimai qaydanı kobud surətdə pozan onun dayanacağa gec gəlməsini irad bildirən sərnişin Arzu (adlar şərtdir – red.) ilə avtobusda olan kənar şəxslərin gözü qarşısında mübahisə edib. 

O, qəsdən əlləri ilə sərnişinin boğazından tutaraq  sıxıb, ona boyun nahiyəsinin bağ və əzələ aparatının gərilməsi ilə müşayiət olunan xəsarətlər yetirib. 

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 1 il olar 76 saylı xətt üzrə hərəkət edən avtobusda sürücü işləyib: “İşlədiyim avtobusun intervalı 10 dəqiqədir. Hadisə günü saat 17:40-da idarə etdiyim mənə təhkim olunmuş 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə Bakıxanov qəsəbəsi, “Mədinə” mərasim evinin yanında dayanacağa çataraq avtobusu saxladım. Düşən sərnişinlər düşdü və minən sərnişinlər minən zaman onlardan biri, adını polis şöbəsində bildiyim Arzu avtobusa minən kimi mənə  kobud şəkildə iradını bildirdi, nə üçün gec gəldiyimi soruşdu. Həmin şəxsə bildirdim ki, ayrılmış 10 dəqiqəlik intervalla gəlirəm, əgər narazılığı varsa, şikayətini mənə  yox, 141 saylı qaynar xəttə zəng edərək bildirsin. Həmin şəxs isə mənə “qudurmusunuz” sözünü deyərək kobud danışmağında davam etdi. Bu zaman həmin şəxsə keçərək əyləşməsini bildirdi. Hətta sərnişinlərdən bir nəfər də həmin şəxsə bildirdi ki, sürücülük burda nə var ki?. Buna baxmayaraq Arzu təhqirlərini davam etdirən zaman artıq çox əsəbləşdim və avtobusu yolun sağına çəkərək saxladım. Həmin sərnişinə yaxınlaşaraq əlimi ataraq  əvvəlcə boynundan tutdum, nə dediyini soruşdum və sonra digər əlimi boğazından tutaraq bir qədər sıxdım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman avtobusda olan tanımadığı kişi sərnişinlərdən bir neçəsi araya girib və onları aralaşdırıblar: “Mən sükan arxasına keçərək yoluma davam etdim. Arzu da bir neçə dayanacaqdan sonra düşərək getdi. Sonra mənə polisdən zəng  olunduqda məlum oldu ki, Arzu məndən şikayət edib”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Arzunun sözlərinə görə, Bakıxanov qəsəbəsi ərazisindəki tikintilərdə mühafizəçi işləyib: “Hadisə günü saat 17:40-da işə getmək üçün Bakıxanov qəsəbəsi, “Mədinə” mərasim evinin yanında dayanaraq 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunu gözlədim. Bu vaxt gözlədiyim 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu gəldi. Mən avtobusa qabaq qapıdan mindim və sürücüdən belə gec gəlməsinin səbəbini soruşdum. Sürücü kobud cavab verərək “özüm bilərəm” deyə cavab verdi. Həmin şəxsə qudurduğunu dedim. Sonra gedərək oturacaqda əyləşdim. Bu zaman sürücü həmin sözü mənim  böyüklərimin ünvanına deyə qaytardı. Mən ayağa qalxaraq sürücüyə tərəf gəldim və ona bura böyüklərini niyə qatdığını, həmin sözü özünə qarşı deyə biləcəyim ilə bağlı irad bildirdim. Geri qayıdaraq oturdum. Sürücü avtobusu yolun kənarına verərək saxladı və sükan arxasından qalxıb üzərimə gəldi, məni nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdi”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra həmin sürücü ilk olaraq boynundan möhkəm tutub və sıxmağa başlayıb: “Ardı ilə sağ əli ilə də boğazından tutdu və hər iki əlləri ilə boğazımı sıxmağa başladı. Bu vaxt avtobusda olan tanımadığım və hər hansı anket məlumatlarını bilmədiyim sərnişinlər gələrək həmin şəxsi məndən ayırdılar”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası alıb. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
19
1
demokrat.az

2Mənbələr