AZ

Bakalavrların qabiliyyət imtahanında iştirak etmələri üçün qeydiyyat başlayıb DƏYİŞİKLİK VAR

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Magistraturada xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanında iştirak etmələri üçün qeydiyyat başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı iyunun13-ü saat 15:00-dan başlayıb və iyunun 17-si saat 23:59-dək aparılacaq.

Qeydiyyatdan keçən bakalavrlar iyunun 19-dan etibarən DİM-in internet saytına daxil olaraq "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər. Qabiliyyət imtahanlarının iyun ayının 20-dən sonra keçirilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2025-ci il tarixli müvafiq Qərarına əsasən, magistraturaya qəbul qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə uyğun olaraq, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla qiymətləndirilir və xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı "Abituriyent" jurnalının "Musiqi sənəti", "Teatr, kino və xoreoqrafiya sənəti" və "Təsviri sənət və Memarlıq" istiqamətləri üzrə və "Magistr 3" xüsusi buraxılışlarından əldə etmək mümkündür. Jurnalları elektron formada buradan əldə edə bilərsiniz.

Bakalavrlar qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyətini təsdiq edən sənədi;

- "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni;

- Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə proqram formasını.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Magistraturaya qəbul qaydalarında edilən dəyişikliklə bağlı Oxu.Az-ın suallarını cavablayan DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, bakalavrlar test imtahan mərhələsində iştirak edib minimal müsabiqə şərtlərini ödəməlidirlər:

"Test imtahan mərhələsində müsabiqə şərtini ödəyən bakalavr sözügedən ixtisaslar üzrə qabiliyyət imtahanına buraxılır. Müsabiqə zamanı həmin ixtisaslara qəbul olmaq istəyənlərin birinci növbədə qabiliyyət imtahanından topladığı bal nəzərə alınır. Qabiliyyət balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün isə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- magistraturaya qəbul imtahanında toplanılan bal;

- ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

- ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

- xarici dil üzrə testdən toplanılan bal".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr