AZ

Sabiq prezident Ter-Petrosyan Paşinyanı 2-ci Nikolayla müqayisə etdi, ancaq böyük səhvə yol verdi...


Ramil Hüseynov: “Katolikoslar, digər ali erməni keşişləri KQB-yə bağlı olub”

Əgər erməni xalqı Rusiyanın qüdrətli imperatorunu məğlub edə bilibsə, onda satqın və kafir Nikol kimdir ki, məğlub olmasın? Bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sosial şəbəkə hesabında kilsə-hökumət gərginliyinə münasibət bildirərkən yazıb.

“1903-cü ildə Rusiya imperatoru II Nikolay erməni kilsəsinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanması haqqında qanun qəbul etdi. Bu, erməni xalqının bütün təbəqələri arasında o qədər etiraz və itaətsizlik dalğasına səbəb oldu ki, istər-istəməz erməni millətçiliyinin formalaşmasına təkan verdi və 1905-ci ildə imperator bu qanunu ləğv etməyə məcbur oldu”, - o qeyd edib.

Ter-Petrosyanın fikrincə, bu hadisələr erməni milli özünüdərkin formalaşmasında mühüm rol oynayıb.

Rusiya imperiyasında 1903-cü ildə kilsələrdə, məktəblərdə müsadirələrin aparılması tamamilə doğrudur. Ancaq Ter-Petrosyanın ermənilərin təzyiqi ilə 1905-ci ildə imperatorun bu qanunu ləğv etməyə məcbur olması barədə səsləndirdiyi fikirlər tamamilə yalandır. Həmin qanun ermənilərin təzyiqi ilə ləğv edilməyib, heç bu, 1905-ci ildə baş verməyib. Baş veribsə belə, bu, Rusiyada baş verən inqilabdan sonra olub. İkinci bir tərəfdən, Ter-Petrosyanın deməyindən belə çıxır ki, guya o tarixdən etibarən ermənilər Çar Rusiyasından qisas almağa başlayıblar. Bu da tamamilə yalandır. Tam əksinə, ermənilər Çar Rusiyasına kölə kimi xidmət etməyə başladılar. 1918-ci ildə tarixi Azərbaycan ərazilərində Ermənistan yaratdılar. 1920-ci ilin noyabrında isə bolşevik Rusiyası Azərbaycanın 20 min kvadrat kilometr ərazisini Ermənistana peşkəş etdi. Bir sözlə, ermənilər tarixi saxtalaşdırırlar və heç vaxt Rusiyanın təsirindən çıxmayıblar. O baxımdan Ter-Petrosyan ermənilərin gücünü şişirtmək üçün əslində tarixi saxtalaşdırır.

“Ter-Petrosyan kilsəyə qahmar çıxmaqla, necə deyərlər, özünü yandırdı”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Rusiyasız ermənilər bir heçdir: “Bu, tarixən belə olub. Ermənilər kim idi ki, Çar Rusiyasına etiraz etsin, təzyiq göstərsin? Ermənilərdən tarixən Rusiya Türkiyəyə qarşı bir vasitə kimi istifadə edib. Bu məsələdə xristian amilindən istifadə edilib. Osmanlı imperiyasını zəiflətmək üçün erməni üsyanlarını təşkil ediblər. Balkan müharibələrində ermənilər türklərə xəyanət ediblər. Bütün hallarda ermənilər Rusiya imperiyasının əmrlərini yerinə yetiriblər. Digər tarixi fakt. 1945-ci ildə İkinci Dünya müharibəsi bitəndən sonra SSRİ-yə rəhbərlik edən Stalin Türkiyədəki boğazlara yiyələnmək üçün bu ölkəyə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Bu zaman yenidən erməni amilindən maşa kimi istifadə edildi. Xaricdən Ermənistana ermənilərin köçürülməsi adı altında 1947-ci ilin dekabrında 100 min nəfərədək azərbaycanlının deportasiyasına qərar verildi. Ancaq xaricdən ermənilərin gətirilməsi planı alınmadı. Buna baxmayaraq, azərbaycanlılar yurdlarından didərgin salındılar. Elə o dönəmdə Türkiyəyə təzyiq göstərmək üçün qondarma “erməni soyqırımı” yenidən gündəmə gətirildi, rəqəmlər şişirdildi və s. Başqa bir tərəfdən, bolşeviklər hakimiyyətə gələndən sonra erməni kilsəsi SSRİ kəşfiyyatının təsir dairəsində olub. Katolikoslar, digər ali erməni keşişləri KQB-yə bağlı olub. Aldıqları təlimatlar əsasında işləyiblər. O cümlədən, Suriya ermənisi olan Levon Ter-Petrosiyanın atası SSRİ kəşfiyyatına xidmət edib. Ter-Petrosyanın özünün də Rusiya kəşfiyyatına bağlı olması ilə əlaqədar kifayət qədər əsaslı iddialar var. Bu baxımdan hesab edirəm ki, Ter-Petrosyan bu barədə danışmamalıdır. O, kilsəyə qahmar çıxmaqla, necə deyərlər, özünü yandırdı. Çünki Ter-Petrosyan bilavasitə bu şəbəkənin içində olub”.

Vidadi ORDAHALLI

Seçilən
50
baki-xeber.com

1Mənbələr