AZ

Hər uşağa görə 140 manat əlavə alan ailələrin durumu xeyli dəyişəcək...


Üzeyir Şəfiyev: “Çoxuşaqlı ailələrin sosial müavinətlərinin artırılması, şübhəsiz ki...”

Prezident İlham Əliyevin fərmanı ilə iyulun 1-dən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləği artırılacaq. Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat sosial müavinət veriləcək.

Prezidentin bu fərmanında diqqətçəkən məsələlərdən biri də aztəminatlı ailələrə hər uşağa görə 140 manat müavinətin müəyyən edilməsidir. Təbii, hər uşağa görə 140 manat az pul deyil. Bu, əhalinin, aztəminatlı ailələrinin təminatına, dolanışığına necə təsir edəcək? Ümumiyyətlə, Azərbaycanda belə kateqoriyadan təxminən nə qədər ailə var, nə qədər ailənin övladları bu müavinətlə təmin oluna bilər?

“Sosial müavinət paketi təxminən 12 mindən artıq çoxuşaqlı ailəni əhatə edəcək”

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, sosial müavinətlərin məbləğinin artırılması gözlənilən idi: “Çünki ölkə başçısının 2024-cü il 23 dekabr tarixli Sərəncamında sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı təkliflərin verilməsi haqda Nazirlər Kabinetinə tapşırıq verilmişdi. Ona görə də sosial müavinətlərin artırılması gözlənilən və proqnozlaşdırılan idi. Bu çox təqdirəlayiq haldır. Çünki sosial müavinətlərəhalinin bəlli bir hissəsinə çox böyük dəstəyi ifadə edir. Bu təkcə çoxuşaqlı ailələrə verilən sosial müavinətlərlə bağlı deyil, əhalinin digər təbəqələri ilə bağlı da sosial müavinətlərin artırılmasına yanaşma var. Amma çoxuşaqlı ailələrin sosial müavinətlərinin artırılması da, şübhəsiz ki, ailədə rifahın artmasına, çoxuşaqlı ailə planlamasına ailələrin marağının artmasına dəstək verəcək. Bilirsiz ki, 5-dən yuxarı uşağıolan ailələr çoxuşaqlı ailə hesab edilir. Belə ailələrin sayı ölkədə azalmağa doğru gedir. 2019-cu il əhalinin siyahıyaalınmasında belə ailələrin sayı 16.300-dən bir qədər çox idi. 2024-cü ilin statistikasında göstərilir ki, 12.273-dən çox 5 uşaqlı ailə var. Demək ki, sosial müavinət paketi təxminən 12 mindən çoxçoxuşaqlı ailəni əhatə edəcək. Bilirsiz ki, 5-dən çox uşağı olan aiələrə hər uşağa görə 105 manat müavinət verilirdi, indi artıq bu məbləğ 140 manat civarındadır. Bu da sayı 5-dən çox uşağı olan ailələrə köməkdir, bu bütövlükdə 700 manat civarında məbləğ deməkdir. Hesab edirəm ki, bu, ailənin, uşağın rifahına dəstək baxımından çox əhəmiyyətlidir”.

Ü.Şəfiyev qeyd etdi ki, bu həm də ailə planlamasını təşviq edən alət kimi rol oynaya bilər. Ekspertin sözlərinə görə, ictimaiyyətin belə gözləntisi də var ki, çoxuşaqlı ailələrdə uşağın sayı 5-dən 3-ə endirilsin. “Yəni 5 uşaqlı yox, 3 uşaqlı ailələr çoxuşaqlı ailə sayılsın. Bu da parlamentdə müzakirə olunur. Ailə planlamasında yeni qurulan ailələrdə çoxuşaqlı ailələrin planlaşdırılmasını təşviq edə bilər. Sosial müavinətlərin, xüsusilə də çoxuşaqlı ailələrə verilən sosial müavinətlərin artırılması təqdirəlayiq haldır. Çox yaxşı olar ki, bu bir qədər differensial olsun. Yəni 6 uşağı olana bir cür, 7 uşağı olana bir cür, 8 uşağı olana bir cür sosial müavinət verilsin.

Bu müsbət haldır və Azərbaycanda əhalinin təbii artımında olan əngəlləri aradan qaldırar və ailə rifahına dəstək baxımından çox böyük əhəmiyyəti var”-deyə Ü.Şəfiyev qeyd etdi.

İradə SARIYEVA

Seçilən
31
baki-xeber.com

1Mənbələr