AZ

Nüvə yarışı sürətlənir

Nüvə silahlarının modernləşdirilməsi və dünyada nüvə silahına malik doqquz dövlətin arsenallarının artırılması yarışı yeni miqyas alır.

Nüvə Silahlarının Ləğv Edilməsi Koalisiyası (ICAN) tərəfindən bu gün Cenevrədə açıqlanan hesabatda nüvə güclərinin nüvə arsenallarını modernləşdirmək və gücləndirmək üçün son bir ildə xərclərini inanılmaz sürətlə artırdığına diqqət çəkilir.

ICAN hesabatına görə, nüvə gücləri olan ABŞ, Rusiya, Şimali Koreya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan və İsrailin nüvə silahı xərcləri 2024-cü ildə yüzdə 11 artaraq 100 milyard 200 milyon dollara çatacaq.

 

5 ildə 47 faizdən çox artım

 

Bildirilir ki, bu artım nüvə silahlarının modernləşdirilməsi və nüvə silahı arsenallarının gücləndirilməsi üçün qoyulan investisiyaları əks etdirir.

Beş il əvvəl nüvə dövlətlərinin nüvə silahlarına ümumi xərcləri 68 milyard dollar idi. Başqa sözlə, son beş ildə nüvə silahına çəkilən xərclərin 47 faizdən çox artması diqqət çəkir.

ABŞ 2024-cü ildə 56 milyard 800 milyon dollara çataraq, nüvə silahına bütün digər ölkələrin cəmindən daha çox xərcləyən ölkə oldu.

ABŞ-ı 12 milyard 500 milyon dollarla Çin və 10 milyard 400 milyon dollarla Böyük Britaniya izlədi.

 

BMT büdcəsindən 28 dəfə çoxdur

 

Hesabatda deyilirdi ki, “Nüvə silahı olan ölkələrin 2024-cü ildə nüvə silahının hazırlanması və saxlanması üçün xərclədiyi pul Birləşmiş Millətlər Təşkilatının büdcəsinin təxminən 28 mislinə bərabərdir”.

Bu məlumatları açıqlayan ICAN qlobal nüvə tərksilahı uğrunda mübarizə aparan vətəndaş cəmiyyəti təşkilatlarının koalisiyasıdır.

ICAN 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatında (BMT) 122 ölkə tərəfindən qəbul edilən və 2021-ci ildə qüvvəyə minən Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinə yol açıb. Bu nailiyyətinə görə 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

ICAN-ın siyasət və araşdırma koordinatoru Alisia Sanders-Zakre, xüsusilə Böyük Britaniya və Fransada xərclərin artmasının Ukraynadakı müharibə və artan gərginliklə əlaqəli ola biləcəyini deyib.

“Biz gördük ki, Böyük Britaniya və Fransada xərclərin artması, ən azı siyasi liderlərin ritorikasında, Ukraynada davam edən müharibə və gərginliyə işarə edir”, – Sanders-Zakre deyib.

Böyük Britaniya və digər NATO müttəfiqləri hazırda Rusiyanı Avropa üçün ən əhəmiyyətli təhlükə olaraq görürlər və Almaniya kimi bir çox ölkə müdafiə xərclərini kütləvi şəkildə artırmaq və silahlanmanı sürətləndirmək planlarını həyata keçirməyə başlayıb.

Seçilən
40
vaxt.az

1Mənbələr