AZ

Elşad Məmmədov Prezidentə müraciət etdi: “Mənə dəstək...”

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, bir müddət öncə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru, hamımızın sevimlisi Elşad Məmmədov üç il əvvəl Neftçilər Xəstəxanasında keçirilən göz əməliyyatından sonra səhhətində ciddi problemlərin yarandığını bəyan etmişdir.

Onun iddasına görə, 2022-ci ildə həmin xəstəxanada oftalmoloq Elşən İbrahimov tərəfindən mirvari suyu (katarakta) diaqnozu ilə əməliyyat edildiyini, lakin indiyədək gözündə heç bir müsbət nəticə əldə olunmadığını söyləyib.

Daha sonra Elşad Məmmədov bildirib ki, icbari tibbi sığorta ilə yanaşı, əməliyyata 400 manat da ödəyib. Aktyor yaranmış vəziyyətlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət etdiyini də açıqlayıb.

“Cebheinfo.az”-ın əməkdaşı Elşad Məmmədovun səhhəti ilə bağlı son məlumatı öyrənmək üçün onunla əlaqə saxlayıb.

O qeyd edib ki, 12 iyun tarixində TƏBİB-dən onunla əlaqə saxlanılıb və müayinədən keçməsi üçün Kliniki Tibbi Mərkəzə (Semaşko) yaxınlaşması istənilib:

“Dedilər ki, göz həkimi Gülarə xanım sizi müayinə edəcək. Bu gün səhər deyilən ünvana getdim. 123-cü otaqda Gülarə xanım məni müayinə etdi və bildirdi ki, gözün arxa tərəfində torlu qişada ciddi pozuntu var. Bu problemə “toyuq korluğu” deyilir və heç bir müalicəsi yoxdur.

Ondan xahiş etdim ki, bəlkə ümidverici nəsə desin. Amma cavab bu oldu ki, sizi sevindirə bilməyəcəyəm. Bu sözlərdən belə çıxdı ki, görmə qabiliyyətim yaxşılaşmayacaq, əksinə, vəziyyət daha da pisləşəcək. Belə anladım ki, Amerikada və Türkiyədə bunun iynəsi var, onu ayda bir dəfə vurmalıdırlar. Amma o da necə təsir edəcək bilinmir və qiyməti çox bahadı”.

O bildirib ki, həkimə əməliyyatdan əlavə pul ödənilməsi məsələsini xatırladıqda isə belə cavab alıb:

“Dedi ki, bu məsələ mənim səlahiyyətimdə deyil. Onu əməliyyatı edən həkim, TƏBİB və Səhiyyə Nazirliyi ilə həll etməlisiniz. Mənə tapşırılan iş sizin vəziyyətinizi dəyərləndirmək idi və onu da yerinə yetirdim. İndi TƏBİB-ə sizin haqqınızda rəy verməliyəm. Bildirməliyəm ki, vəziyyətiniz necədir”.

Elşad Məmmədov emosional vəziyyətinin də ağır olduğunu deyib:

“Bilmirəm ki, nə etməliyəm. Evə qayıtdım, 30-40 dəqiqə hönkür-hönkür ağladım. Mən güclü insanam, amma bu vəziyyət məni sarsıtdı. Yenə də ayağa qalxacaq, toparlanmağa çalışacağam. Bu da bir insan taleyi... Həkimlər də öz vicdanları ilə baş-başa qalacaqlar”.

Sonda isə aktyor yardım üçün dövlət başçısına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət edib:

“Mən üzümü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tuturam. Dövlət başçımızdan və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən xahiş edirəm ki, bu çətin vəziyyətdə mənə dəstək olsunlar”.

Bu gün səsləndirilin iddialarla bağlı, TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, şikayət araşdırılır.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr