Həyatın bəzən saniyələrlə ölçülən qərarları insan taleyini dəyişə bilər.
Musavat.com bildirir ki, Hindistanda yaşanan son faciəli hadisə bunun ən bariz sübutuna çevrildi.
Bu, sadəcə bir səfərin uğursuzluğu deyil, əsl həyatla ölüm arasında olan cəmi 10 dəqiqəlik fərq idi.
28 yaşlı Bhumi Çauhan Böyük Britaniyanın Bristoldakı universitetlərdən birində təhsil alır və həyat yoldaşı ilə birlikdə orada yaşayır. Yay tətilini Hindistanda – öz vətənində keçirmək qərarına gələn Bhumi üçün bu səfərin son günləri həyatını dəyişəcək bir sınağa çevrildi.
O, 241 sərnişini Londona daşımalı olan “Air India” aviaşirkətinə məxsus AI171 nömrəli reysə minmək üçün 7 iyun səhəri Əhmədabad hava limanına yollanır. Ancaq şəhər daxilində gözlənilməz şəkildə yaranan avtomobil sıxlığı səbəbilə o və yoldaşı hava limanına gecikirlər.
“Təyyarəyə cəmi 10 dəqiqə gecikmişdik. Baxmayaraq ki, yerli saatla 6:05-də uçuş idi və biz 5:55-də hava limanına çatdıq, artıq qapılar bağlanmışdı.
Çox əsəbiləşmişdik. Sürücüyə qəzəbləndik, hava limanının sisteminə isə nifrət etdik. Hətta bir az çay içmək üçün dayanıb səyahət agentimizlə mübahisə edirdik ki, bu bileti geri qaytarmaq mümkündürmü…”, - deyə Bhumi BBC-yə danışır.
Elə bu zaman Bhumi telefon zəngi alır. Əvvəlcə inanmaq istəmir:
“Dedilər ki, sizin minmək istədiyiniz təyyarə uçuşdan qısa müddət sonra radarlardan itib. Sonra isə təsdiqləndi – o, qəzaya uğrayıb və xilas olan olmayıb”.
“Bunu eşidəndə elə bildim ki, dünya ayağımın altından çəkildi. O təyyarəyə minmədiyimizə bir neçə dəqiqə əvvəl çox təəssüflənirdik, indi isə yaşadığımız hər an üçün Allaha şükür edirik,” – deyə Bhumi göz yaşları içində bildirir.
Təyyarənin havaya qalxdıqdan təxminən 14 dəqiqə sonra texniki nasazlıq səbəbilə göydə yanmağa başladığı, daha sonra yerə çırpılaraq partladığı məlum olub. Rəsmi mənbələrin yaydığı məlumata görə, göyərtədə olan 227 sərnişin və 14 ekipaj üzvü həyatını itirib. Təyyarənin düşdüyü ərazidə isə 9 mülki şəxs də faciənin qurbanı olub.
Bhumi bu hadisədən sonra Hindistandakı ailəsi ilə birlikdə bir gün meditasiya və dua etməklə keçirib. “Bu, təsadüf ola bilməz. Mən hələ də yaşadıqlarıma inana bilmirəm. Əgər o tıxac olmasaydı, indi həyat yoldaşım da, mən də orada olacaqdıq”, - deyə o əlavə edir.
Hazırda Bhumi Çauhan sosial şəbəkələrdə yaşadığı bu hadisə ilə bağlı paylaşım edib və insanlara bir mesaj ünvanlayıb:
“Heç bir gecikməyə əsəbləşməyin. Bəzən həyat sizi yavaşladır ki, yaşamağa davam edəsiniz”.
“Air India” şirkəti qəzanın səbəbləri ilə bağlı beynəlxalq aviasiya ekspertləri ilə birlikdə araşdırma aparıldığını bildirib. Qara qutunun artıq tapıldığı və oxunmasına başlanıldığı bildirilir. İlk ehtimallara görə, qəza mühərrikdəki yanğınla əlaqədardır, lakin bu hələ təsdiqlənməyib.
Hadisə Hindistan və beynəlxalq aviasiya ictimaiyyətində böyük rezonans doğurub. Çünki bu, son onilliklərdə Hindistan tarixində ən ölümcül hava qəzası kimi qeydə alınıb.
Musavat.com