AZ

Təşkilatçılar Bakı Piano Festivalının təfərrüatlarını açıqlayıblar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 iyun, Anara Axundova, AZƏRTAC

“Landmark Hotel Baku”da IV Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində tədbirin təşkilatçılarının mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Bakı Piano Festivalının təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli, festivalın art-direktoru, Azərbaycanın Əməkdar artisti Natəvan Növrəsli, Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro, Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyət üzrə müşaviri, Fransa İnstitutunun direktoru Şarl Denye, Avstriyanın Azərbaycandakı səfirliyinin baş konsulu Herxard Luts, Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç, “PASHA Holding”in dövlət müəssisələri ilə əlaqələr Departamentinin direktoru Nazim Səfərov, “The Landmark Building”in baş meneceri Mark Smit, “YIĞIM Payment System”in təsisçisi və direktoru Vüqar Cəfərov, “INCRUISES” şirkətinin marketinq üzrə direktoru Samirə Məlikbəyova, həmçinin fortepiano musiqisi üzrə dördüncü beynəlxalq festivalın açılışını edəcək fransız müğənnisi Mina Aqossi iştirak ediblər.

Şahin Növrəsli mətbuat nümayəndələrinə festivalın proqramı və iştirakçıları barədə məlumat verib, bu il Bakıya on ölkədən sənətçilərin gələcəyini vurğulayıb, tədbirin bütün tərəfdaşlarına, sponsorlarına və media nümayəndələrinə təşəkkürünü bildirib.

Caz ifaçısı Mina Aqossi AZƏRTAC-ın müxbirinə müsahibəsində festivalın açılışını etməyin onun üçün böyük şərəf olduğunu deyib: “Bu, sanki evin açarını mənə verməyə və “xoş gəldin!” deməyə bənzəyir. Mən belə hiss edirəm və inanın, sabah açılışı heyrətamiz etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro AZƏRTAC-ın müxbiri ilə söhbətində braziliyalı sənətçilərin ənənəvi olaraq hər il çıxış etdikləri konsertlərin uğurunun sirrini açıqlayıb: “Məncə, uğurun sirri ondadır ki, braziliyalı və azərbaycanlı sənətçilərin enerjiləri bir-birinə çox oxşayır. Bakı Piano Festivalının ideyası müxtəlif mədəniyyətlərdən olan insanları birləşdirməkdir”.

Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç AZƏRTAC-ın müxbirinin sualını cavablandıraraq qeyd edib ki, onun ölkəsi bu il festivalda ilk dəfədir təmsil olunur: “Mən çox həyəcanlıyam, Bakı Piano Festivalının nə olduğunu bilirəm və çox şadam ki, Xorvatiya bu il Azərbaycan paytaxtındakı festivala qatılır. Müğənni Lela Kaplovitsə festivalda iştirak etmək üçün Bakıya gəldiyinə görə minnətdaram. Təbii ki, Şahin Növrəsliyə də təşəkkür edirəm!”.

Dördüncü Beynəlxalq Bakı Piano Festivalı iyunun 14-də Mina Aqossi kvartetinin iştirak etdiyi konsertlə açılacaq və iyunun 28-də Liz Rosa kvartetinin ifasında Braziliya musiqisindən ibarət konsertlə başa çatacaq.

İki həftə ərzində paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərdən ibarət geniş proqramdan zövq alacaqlar. “Bakı Piano Festivalı - 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, teatr tamaşası, ədəbi müsabiqə, cem seansları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların “Biz Gələcəyik” konsertidir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
azertag.az

1Mənbələr