İran prezidenti Məsud Pezeşkian İsrailin hücumunu axmaq hərəkət adlandırıb və buna “ağıllı və qətiyyətlə” cavab veriləcəyini vəd edib. Bəyanat İran liderinin saytında dərc olunub. Pezeşkian deyib: İran xalqı və rəsmiləri bu cinayət qarşısında səssiz qalmayacaq və İran İslam Respublikasının cavabı düşməni öz axmaq hərəkətlərinə görə peşman edəcək. Pezeşkian əlavə edib ki, İran hökuməti “ölkəyə tam fədakarlıqla xidmət etməyə davam edəcək və gündəlik həyat fasiləsiz davam edəcək”. Bundan əvvəl Pezeşkiyanın X sosial şəbəkəsindəki hesabında İran prezidenti və hökumətinin vəziyyəti nəzarətə aldığına işarə edən mesaj yerləşdirilib. Bununla bağlı hökumət şurasının növbədənkənar iclası keçirilib. "Pezeşkian tezliklə xalqa müraciət edəcək", - deyə məlumatda bildirilir.
Məlum olduğu kimi, İyunun 13-də İsrail İranın nüvə, raket istehsalı obyektlərini və hərbi komandirlərini hədəfə aldığını və Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün uzunmüddətli əməliyyatın başlandığını qeyd edib.Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ali komandanı Hüseyn Səlami öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin “acı və ağrılı taleyi” ilə üzləşəcəyini bəyan edib.
Surxay Əliyev