AZ

Naxçıvanda Respublika elmi konfransı - “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış”

Naxçıvan, 13 iyun, AZƏRTAC

İyunun 13-də Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda Respublika

elmi konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi və Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlar Ümummilli Liderin həyat və zəngin dövlətçilik irsinə həsr olunmuş ekspozisiya nümunələri ilə tanış olublar.

Sonra “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” adlı sərgiyə baxış keçirilib.

Plenar iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin bildirib ki, müəyyən dövrlərdə həyata keçirilən deportasiyalar nəticəsində 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan ayrı düşüb. Son dövrlərdə Qərbi Azərbaycana həsr olunmuş həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlərin sayının artmasına diqqət çəkən İsmayıl Hacıyev, bu məsələnin əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxışında ölkəmizin inkişafındakı siyasi gedişatlara diqqət çəkib. Bu tərəqqinin Prezident İlham Əliyevin yeritdiyi sülhməramlı siyasət, milli birliyimiz və ordumuzun hesabına olduğu vurğulanıb. Baş nazir Qərbi Azərbaycana məxsus toponimlərin, dil faktorunun, abidələrin və digər mədəniyyət nümunələrinin araşırılmasında elmi əsaslar ortaya qoyan elm adamlarına uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin sülhə və əməkdaşlığa əsaslanan uzaqgörən siyasətinə diqqət çəkib. 44 günlük müharibənin uğurlu nəticələrindən, AMEA-da Qərbi Azərbaycanın tarixinin və folklorunun araşdırılması üçün açılan şöbələrdən danışıb.

İsa Həbibbəyli Ceyhun Cəlilova kitab hədiyyə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə sədri Abel Məhərrəmov Naxçıvan və Qərbi Azərbaycanın tarixindəki oxşarlıqlardan və Qərbi Azərbaycan İcmasının fəaliyyətindən söz açıb.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Qərbi Azərbaycanın araşdırılmasına həsr olunmuş fundamental tədqiqatlara diqqət çəkib, bu araşdırmaların gənc tədqiqatçılar üçün yeni üfüqlər açdığını qeyd edib. Elbrus İsayev Qərbi Azərbaycanla bağlı universitetdə görülən işlərdən də bəhs edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsindən və bu sahədə Azərbaycan alimlərinin öhdəliklərindən ətraflı danışıb. Toponimlərin araşdırılmasına diqqət çəkən professor adı dəyişdirilən ərazilərimizdən söz açıb.

İğdır Universitetinin Fənn Ədəbiyyatı Fakültəsinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Oğuz Şimşək Qərbi Azərbaycanın tarixi haqqında dəqiq məlumatlar verib.

Tarixi ərazilərimiz slaydlar vasitəsilə konfrans iştirakçılarına nümayiş etdirilib.

İrəvana həsr olunmuş şeiri səsləndirən Oğuz Şimşək erməni vəhşiliklərindən söz açıb, məqsədli şəkildə adı dəyişdirilən kəndlərimizin tarixindən bəhs edib.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, professor Cəbi Bəhramov Qərbi Azərbaycanın tarixi və mədəniyyətinin tədqiq edilməsindən danışıb. Tarixi torpaqlarımızın, mədəniyyətimizin dəqiq mənbələrə əsaslanaraq araşdırılmasının əhəmiyyətini vurğulayıb.

Konfransda Qərbi Azərbaycanın tarixin müəyyən dövrlərində üzləşdiyi bəlalardan danışılıb. Həmçinin mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, təhlillər edilib.

Sonra “Biz qayıdacağıq” sənədli filminə baxış olub.

 

Seçilən
18
azertag.az

1Mənbələr