AZ

"TikTok" mənəvi dəyərlərimizə, əxlaqımıza, məişətimizə qədər təsir edir - Məzahir Məmmədli

Həm ibtidai, həm də yuxarı siniflərdə təhsil alan şagirdlərin çoxu smartfon istifadə edirlər. Şagirdlərin smartfon istifadə etməsi ilə bağlı ekspertlərin müxtəlif fikirləri mövcuddur.

Həqiqətənmi smartfonlardan istifadə məhdudlaşdırılmalıdır? 

Redaktor.az-a mövzu ilə bağlı danışan təhsil ekspeti Məzahir Məmmədli bildirdi ki, məsələ kifayət qədər mübahisəlidir:

"Bu işin tərəfdarı olanlar da var, əleyhinə olanlar da. Bizim həmkarlarımız da məsələyə münasibət bildiriblər. Bildirirlər ki, smartfonlar yığışdırılmalıdır. 21-ci əsrin artıq 25 ilini yaşamışıq. Biz artıq ətrafımızda olan əzizlərimizə bu məsələni qadağa edə bilmiriksə, bizim üçün çox çətin olar ki, ümumilikdə bu inkişafa qarşı çıxaq. Əslinə qalsa, şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirməsi üçün zəruri elementdir. Amma ondan necə istifadə etmək qaydası önəmlidir. Bütün valideynlər öz övladlarına xüsusi məhdudiyyətlərlə smartfon istifadəsinə icazə verə bilərlər. Əlavə vəsait kimi telefon istifadə olunsun".

Ekspert vurğuladı ki, xüsusi narahatlıq yaradan "TikTok" şəbəkəsidir.

"Bu, mənəvi dəyərlərimizə, əxlaqımıza, məişətimizə qədər təsir edən şəbəkədir. Bu da yeniyetmələr üçün asılılıq yaradır. Amma mən ümumilikdə buna qadağanın, istəsək belə, mümkün olmadığını görürəm. Hansısa şəkildə yeniyetmələr yenə istifadə edəcəklər. Heç olmasa, yaxşı cəhətdən istifadə etsinlər. Buna valideynlər nəzarət etməlidir. Yuxarı siniflərdə bunu necə qadağan etmək olar? Tutaq ki, müəllimin sinifdə izah etdiyi bir dərsi artıq şagird smartfondan öyrənərək bilir. Bu məsələ ilə bağlı konkret, birmənalı qadağa tərəfdarı deyiləm. Amma müəyyən məhdudiyyətlər olmalıdır ki, məktəb siniflərində istifadə qadağan olunsun. İmkan varsa, böyük siniflərdə də valideynlərin xüsusi nəzarəti olsun", - deyə M.Məmmədli qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr