"Bu, bir nəslin qarşılaşdığı ən böyük müharibədir və heç bir ölkə bu savaşda təkbaşına qalib gələ bilməz..."
Ukrayna Rusiya ilə müharibənin üçüncü ilində xarici yardım cəbhəsində balanssızlıqla üz-üzədir. ABŞ 2026-cı il müdafiə büdcəsində Ukraynaya hərbi yardımın həcmini azaldır və yeni 300 milyon dollarlıq dəstək təklifi Konqresdə rədd olunur.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat verib.
Məlumatda deyilir ki, eyni zamanda Avropa İttifaqı ERA təşəbbüsü çərçivəsində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya artıq 7 milyard avro yardım göndərib.
Ukrayna hökumətininin məlumatına görə, Avropa İttifaqından (Aİ) alınan bu sonuncu, beşinci tranş 1 milyard avro məbləğində olub və əsasən dövlət büdcəsinin əsas ehtiyaclarını qarşılamaq üçün istifadə olunacaq.
Baş nazir Denis Şmıqal bildirib ki, bu resurslar Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə təmin edilir və bu, " təcavüzkarın Ukraynaya vurduğu zərərə görə cavab verməsi" istiqamətində mühüm addımdır.
Digər tərəfdən, ABŞ-da vəziyyət daha mürəkkəbdir. ABŞ Konqresinin Nümayəndələr Palatasının müdafiə büdcəsi üzrə komitəsi Ukraynaya ayrılması planlaşdırılan əlavə 300 milyon dolları dəstəkləməyib.
Komitə sədri Tom Koul bildirib ki, bu maliyyənin büdcəyə salınması büdcənin ümumilikdə qəbul edilməsinə təhlükə yarada bilər, çünki bəzi respublikaçılar bu maddəyə qarşı çıxır. Demokratlar isə büdcədəki konservativ yanaşmalara görə ümumilikdə sənədi dəstəkləmir.
Pentagon rəhbəri Pit Heqset bildirib ki, 2026-cı il üçün planlaşdırılan müdafiə büdcəsində Ukraynaya hərbi yardım azaldılacaq. Bu, xüsusilə hava hücumundan müdafiə sistemlərinə təsir edə bilər. ABŞ hökuməti bu sahədə hansı miqyasda ixtisarlar ediləcəyini açıqlamasa da, "Associated Press" xəbər verir ki, Ukraynanın kritik silah sistemlərinin çatdırılmasında fasilələr ola bilər.
Ukrayna prezidenti Vladimir Zelenskinin strateji məsələlər üzrə müşaviri Aleksandr Kamışin də bu riskləri təsdiqləyərək bildirib ki, Kiyev artıq bəzi silah sistemlərinin alternativlərini axtarır. O qeyd edib: "Bu, bir nəslin qarşılaşdığı ən böyük müharibədir və heç bir ölkə bu savaşda təkbaşına qalib gələ bilməz. Ona görə də həm Avropa, həm də ABŞ-ın dəstəyi həyati əhəmiyyət daşıyır".
Kamışin vurğulayıb ki, bəzi sistemləri əvəzləmək olduqca çətin olacaq. Ukrayna parlamentinin Milli təhlükəsizlik və müdafiə komitəsinin katibi Roman Kostenko isə vəziyyəti belə şərh edib: "ABŞ artıq yalnız əvvəlki administrasiya dövründə təsdiqlənmiş yardım paketlərini çatdırır. Yeni prezident Trampın dövründə heç bir əlavə silah yardımı göndərilmir".
Beləliklə, Ukrayna bir tərəfdən Avropa İttifaqından maliyyə yardımı alır, digər tərəfdən isə ABŞ-ın hərbi dəstəyində azalmalara hazırlaşır. Bu, Kiyevin həm büdcə sabitliyini, həm də hava təhlükəsizliyini necə qoruyacağı sualını gündəmə gətirir.