Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru Yaroslav Zajiçek (Jaroslav Zajíček) ilə görüşüb.
Bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisinin həm də Çexiya xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşü olub.
"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Çexiyaya səfəri ölkəmizin Avropa ilə strateji dialoqunu dərinləşdirmək istiqamətində atılmış növbəti önəmli addımdır. Bu səfər Azərbaycanın regional gücdən qlobal aktora çevrilmək yolunda davamlı diplomatik fəallığını nümayiş etdirir. Çexiyanın yüksək səviyyəli rəsmiləri ilə keçirilən görüşlər Bakı-Praqa xəttində siyasi və iqtisadi münasibətlərin genişlənməsinə real zəmin yaradır. Avropa İttifaqının enerji təhlükəsizliyi gündəmində Azərbaycanın rolu getdikcə daha önəmli mövqe tutur" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Azərbaycanın təşəbbüskarı olduğu Transxəzər əməkdaşlığı formatı Mərkəzi və Şərqi Avropa ölkələrinin də maraq dairəsinə daxil olmaqdadır. Hikmət Hacıyevin diplomatik təmasları həmçinin Azərbaycanın Avropadakı tərəfdaşlarla əlaqələrini yalnız enerji sahəsində deyil, eyni zamanda təhlükəsizlik, nəqliyyat və texnologiyalar üzrə də genişləndirməyə yönəlib. Bu görüşlər Azərbaycanın sülhpərvər mövqeyini və regional sabitliyə töhfə vermək istəyini Avropa platformalarında daha təsirli şəkildə ifadə etməyə imkan yaradır.
Çexiya kimi dövlətlərlə münasibətlər Azərbaycanın balanslı və çoxtərəfli xarici siyasət xəttinin bir hissəsidir. Avropada etibarlı tərəfdaş imici qazanan Azərbaycan, həm də Qafqazda sabitliyin təminatçısı kimi qəbul olunur. Bu səfər Azərbaycanın təkcə enerji ixracatçısı deyil, eyni zamanda siyasi dialoq və multilateral əməkdaşlıq üzrə təşəbbüskar ölkə olduğunu göstərdi. Diplomatik fəallığın mərkəzində isə Prezident İlham Əliyevin formalaşdırdığı prinsipial və çevik xarici siyasət dayanır.
Azərbaycan artıq təkcə regional deyil, Avropa miqyasında etibarlı strateji oyunçu kimi çıxış edir. Bu tip səfərlər isə ölkəmizin beynəlxalq sistemdə mövqeyini möhkəmləndirən mühüm vasitələrdir. Çexiya ilə təmaslar həm də Şərqi Avropa və Mərkəzi Avropa ilə yeni əməkdaşlıq vektorlarının açılmasına təkan verir. Azərbaycanın diplomatik gündəliyi gücləndikcə, onun maraqları da daha geniş coğrafiyada tanınır və müdafiə olunur. Bu isə artıq yeni mərhələnin – qlobal nüfuzun mərhələsinin göstəricisidir".