AZ

"Şagird həkim, mühəndis, hüquqşünas, jurnalist peşələri ilə maraqlanırsa..." - Ekspertdən TÖVSİYƏ

9-cu siniflərin buraxılış imtahanları artıq yekunlaşıb. Lakin bir çox şagirdlər seçim qarşısında qalırlar ki, 9-cu sinifdən çıxsınlar, yoxsa 11-ci sinifə qədər qalıb ali təhsil müəssisələrinə imtahan versinlər.

Bu halda şagirdlər nəyə əsasən seçimlərini etməlidirlər?

Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, bu, çox aktual məsələdir:

"Ümumiyyətlə, 9-cu sinifdən sonra abituriyentlərin həyatına təsir edəcək ciddi qərarlardan biri də budur. Ən əsas da bu qərar fərdi yanaşma tələb edir. Fərdi yanaşma odur ki, şagirdin akademik bacarığı yüksəkdirsə, yaxşı oxuyursa, universitet oxumaq arzusu varsa, deyərdim ki, 9-dan kollecə getməsin. 11-ci sinifə qədər oxuyub, universitetə getmək bu halda daha məqsədəuyğundur. Çünki 9 illikdən hansısa ixtisasa düşəcək, gələcəkdə ali təhsil alması kollecdəki qiymətlərindən asılı olacaq. 4 il burada oxumalıdır. Bir çox ixtisaslar var ki, onlardan sonra ali təhsil almaq olmur. Bəzi ixtisaslar var ki, maliyyə ixtisas qrupları, kompüter ixtisas qruplarında ali təhsilə keçid etmək olur. Burada şəxsin riyaziyyat bacarığı yoxdursa, məcbur olaraq maliyyə sahəsini seçir. Bu da bir növ gələcəkdə ali təhsil üçün seçim şansını azaldır".

Ekspert qeyd etdi ki, əgər şagird praktik yönümlüdürsə, nəzəri dərslərlə maraqlanmırsa, qısa zamanda peşə sahibi olmaq istəyirsə, bu nöqteyi-nəzərdən 9-cu sinifdən kollecə, peşə məktəbinə yönələ bilər.

"Şagird həkim, mühəndis, hüquqşünas, jurnalist peşələri ilə maraqlanırsa, 11 illik təhsil alıb ali məktəbə hazırlaşmalıdır. Əgər şagird texniki sahələrə - elektrik, avtomexanika, istilik qurğuları, maliyyə və s. maraq göstərirsə, 9 illikdən bunları oxuyub daha sonra ali təhsilə yiyələnə bilər. Ailələrdə maddi çətinlik varsa, övladlarının tez işləməsini istəyirlərsə, 9-cu sinifdən kolleclərə, peşə məktəblərinə yönlənmək daha yaxşıdır. Amma imkan varsa, 11-ci sinifə qalıb hazırlaşmaq uzunmüddətli fayda verir. Baxmalıyıq ki, şəxs oxumaq istəyirmi? Şagird 70 bal yığıb oxumaq istəmirsə, kollecə yönləndirmək olar. 200-200-dən çox bal yığanı kollecə yönləndirmək hüquqlarını məhdudlaşdırmaq deməkdir. Əgər şagirdin oxuduğu məktəbdə tədris səviyyəsi yüksəkdirsə və valideynin gücü repetitor yanına qoymağa çatırsa, bu zaman 11-ci sinifə qədər oxumağı məsləhətlidir. Ümumiyyətlə, şagirdin qərarı da önəmlidir. Əgər fikri təhsil yönümlüdürsə, daha yüksək təhsil səviyyələrinə yönlənə bilər. Şagirdin istəyi, bacarığı, düşüncəsi, valideynin vəziyyəti önəmli nüanslardır. Vəziyyət yaxşı olduqda və istək olduqda 11-ci sinifə qalmaq daha yaxşıdır. Amma qısa müddətli sənətə və pula getmək istəyirsə, burada peşə məktəbləri və ya kollec seçimi uğurlu sayıla bilər" - deyə Rizvan Fikrətoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr