İran təkcə İsrailə təhdid yaratdığı üçün hədəf seçilməyib
Baş verənlər orta Şərqdə kürd dövlətinin yaradılması layihəsinin tərkib hissəsidir. AFN.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli yazıb. Onun sözlərinə görə, öncə Səddam rejimi məhv edildi və ölkənin şimalında Kürdüstanın təməli qoyularaq İraq faktiki bölündü. Sonra Suriyada məlum hadisələr baş verdi, nəticədə Əsəd rejimi devrildi: "Hazırda Suriyanın da şimalında de-fakto kürd muxtar bölgəsi var. Növbə İrana çatıb.
Burada önəmli məqam ondan ibarətdir ki, İraq və Suriyada təkcə bölgənin yox, dünyanın ən sərt rejimləri hökmranlıq edirdi. Lakin bunların içərisini asanlıqla qarışdırdılar, çünki toplumlar polietnik və polikonfessional olduğu halda, rejimlər dar məzhəb təməlində formalaşaraq digər əhali qruplarının haqqını, hüququnu rədd etmiş, etno-konfessional fərqliliklər ölkələr içərisində ayırıcı xətlərə çevrilmişdi. Nəticədə kənardan toxunuşla bu dövlətlər karton ev kimi çökdülər."
Ş.Cəfərlinin sözlərinə görə, İranın İraq və Suriya ilə ortaq, oxşar tərəfləri çoxdur. Ölkə çoxmillətlidir və sərt rejim var. Amma göründüyü kimi, 2 böyük ordu (SEPAH və Arteş), böyük təhlükəsizlik və kəşfiyyat strukturları yetərli olmur: "İndi diqqət edin: bu faciələr Türkiyənin gözünün önündə yaşandığı halda, ölkə göz görə-görə sərt avtoritarizmə sürüklənir, demokratiya boğulmağa, seçki yolu ilə hakimiyyət dəyişikliyi imkanı aradan qaldırılmağa çalışılır. Sanki eyni mərkəz Türkiyəni də yavaş-yavaş İraq, Suriya variantına doğru itələyir. Mən türk xalqının iradəsinin bu təhlükəli gedişatı dayandıracağına ümidimi hələ itirməmişəm."