“Hazırda Xəzər dənizində su səviyyəsinin azalması ciddi ekoloji narahatlıq doğurur. Bu proses iki əsas amillə, dənizə tökülən çayların sululuğunun azalması və səthdən buxarlanmanın artması ilə əlaqəlidir”.
Bu fikirləri su məsələləri üzrə ekspert Rövşən Abbasov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Xüsusilə, Volqa çayı hövzəsində baş verən dəyişikliklər Xəzərə birbaşa təsir gostərir. Qeyd olunur ki, Volqa Xəzər dənizinə daxil olan suların 80 faizindən çoxunu təmin edir. Lakin iqlim dəyişiklikləri nəticəsində Volqa çayının suyu azalıb. Eyni zamanda, çay hövzəsində suya olan tələbat artmaqdadır ki, bu da vəziyyəti daha da ağırlaşdırır”.
Mütəxəssis hesab edir ki, Volqa çayının suyunun tənzimlənməsi, sağlamlaşdırılması və bu hövzədəki su götürmələrin azaldılması Xəzər dənizinin gələcəyi üçün həlledici ola bilər. Bu istiqamətdə Rusiyanın iştirakı isə xüsusi əhəmiyyət kəsb edir.
“Xəzər dənizinin səviyyəsində azalma halı ötən əsrin 70-ci illərində də müşahidə olunmuşdu. O zaman azalma əsasən Volqa çayı üzərində tikilən iri su anbarları ilə əlaqələndirilmişdi. Anbarların səthindən baş verən buxarlanma Xəzərin suyunun azalması ilə nəticələnmişdi.
Hazırda bəzi elmi dairələr dəniz səviyyəsinin yenidən qalxacağına ümid etsələr də, əks proqnozlar da var. Yəni səviyyənin sürətlə azalacağı ehtimal olunur. Hələlik bu suallara dəqiq cavab verəcək elmi konsepsiya mövcud deyil”.
Ekspertin fikrincə, Xəzər dənizinin gələcəyi ilə bağlı gözləmə mövqeyi tutmaqla yanaşı, həm azalmalara, həm də mümkün artımlara uyğunlaşmaq vacibdir.
Aynurə İsmayıl
KONKRET.az