Türk pop musiqisinin əfsanəsi Ajda Pekkan, 2025-ci ilin Harbiye Açıqhava səhnəsindəki ilk konsertini dünən axşam verdi.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 79 yaşlı superstar, illərə meydan oxuyan enerjisi, güclü səhnə performansı və bu dəfəki cəsarətli səhnə geyimi ilə gündəm oldu.
Qızılı rəngli, metalik və parlaq kostyumla səhnəyə çıxan Pekkan, əvvəlki illərdəki zərif tərzindən fərqli olaraq bu dəfə teatral və iddialı görünüşü ilə diqqət çəkdi. Korse tipli üst hissə, qabarıq ətək və qızılı maska ilə tamamlanan obrazı sosial mediada Bülent Ersoyun səhnə üslubuna bənzədildi.
Musiqili performansı ilə də heyran edən sənətçi, 70-ci illərdən bu günə qədər uzanan repertuarı ilə izləyiciləri coşdurdu. "Bu səhnədə olmaq mənə hər zaman həyəcan verir" deyən Pekkan, konsertin sonunda ayaqüstə alqışlandı.