İyunun 13-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunan iclası keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru professor Bəxtiyar Məmmədov 15 iyunun Azərbaycan üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıb.
Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğunu, lakin müstəqilliyin ilk illərində siyasi hakimiyyətdə və dövlətin bütün təsisatlarının boşluq olduğunu bildirib. O, ölkənin düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından bəhs edib.
“Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi tarix Azərbaycanın həqiqi müstəqillik tarixi kimi qeyd olunur.15 İyun – qurtuluş rəmzidir. Bu günü qeyd etməklə, biz həm keçmişə hörmətimizi bildirir, həm də gələcək nəsillərə güclü, sabit və müstəqil Azərbaycan ideyasını aşılayırıq”, - deyə Esmira İmanova qeyd edib.