“Landmark Hotel Baku” da IV Bakı Piano Festivalının mətbuat konfransı keçirilib. Konfransda fransız caz ifaçısı Mine Agossi, Bakı Piano Festivalının təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli, festivalın art-direktoru, Əməkdar artist Natəvan Növrəsli, Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro, Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyət üzrə müşaviri, Fransa İnstitutunun direktoru Şarl Denye, Avstriyanın Azərbaycandakı səfirliyinin baş konsulu Herxard Luts, Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç, “PASHA Holding”in dövlət müəssisələri ilə əlaqələr Departamentinin direktoru Nazim Səfərov, “The Landmark Building”in baş meneceri Mark Smit, “YIĞIM Payment System”in təsisçisi və direktoru Vüqar Cəfərov, “INCRUISES” şirkətinin marketinq üzrə direktoru Samirə Məlikbəyova iştirak ediblər. Tədbir iştirakçıları festivalla bağlı danışaraq, fikir mübadiləsi aparıblar.
Şahin Növrəsli, Bakı Piano Festivalının təsisçisi və direktoru XQ-yə açıqlama verdi:
- Dördüncü Bakı Beynəlxalq Festivalını açıq élan etməkdən sevinc və şərəf hissi duyuram. Bu möhtəşəm layihə 4 il bundan əvvəl gerçəkləşdi. Builki festivalın əsas özəlliyi odur ki, panosevərlər burada bütün musiqi janrlarını dinləyə biləcəklər. Bu da festivala xüsusi gözəllik verir. Bütün musiqi növlərini bir yerə yığmaq, eyni musiqi alətində ifa etmək, bütün bunlar bizim uğurumuzdur. Bir pianoçu kimi bu uğura şahid olmaqdan çox məmnunam. Əvvəlki illərdən fərqli olaraq, bu il müxtəlif ölkələrdən musiqiçilər dəvət etmişik. Hər birinizi sənət ustalarının möhtəşəm səslərini dinləməyə dəvət edirik.
Qeyd edək ki, iki həftə ərzində paytaxt sakinləri və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı-2025” çərçivəsində incəsənət tədbirləri, sərgilər, teatr quruluşları, ədəbi müsabiqələrin təşkili də planlaşdırılıb. Festivalda xüsusi olaraq, gənc istedadlardan ibarət qrup “We Are the Future” (Biz gələcəyik) adlı konsert proqramı ilə çıxış edəcəklər. Dördüncü Beynəlxalq Bakı Piano Festivalı iyunun 14-də Mina Aqossi kvartetinin iştirak etdiyi konsertlə açılacaq, iyunun 28-də isə Liz Rosa kvartetinin ifasında Braziliya musiqisindən ibarət konsertlə başa çatacaq.
Fidan SALMANOVA
XQ