AZ

Buğdanın qiyməti enir -

“Azərbaycanın ərzaqlıq taxıl idxalının təxminən 75 faizi xaricdən təmin olunur. Bu idxalın da 95–98 faizi Rusiyanın payına düşür. Bu baxımdan, Rusiyada taxıl qiymətlərinin enməsi, Azərbaycanın da idxal etdiyi buğdanın qiymətinə təsir göstərməsi gözləniləndir”. Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. İqtisadçının sözlərinə görə, bu təsir bir qədər zamanla baş verir, çünki buğda alışları fyuçers müqavilələrlə, yəni bir neçə ay əvvəldən bağlanan razılaşmalarla həyata keçirilir. Bu səbəbdən bazarda baş verən qiymət dəyişiklikləri dərhal deyil, bir neçə ay sonra Azərbaycanın daxili bazarına təsir edə bilər:
"Mən London birjasındakı qiymətlərə baxdım, orada da buğdanın qiymətlərində iyun ayı ərzində azalma müşahidə olunur. Son bir ildə təxminən 11 faiz ucuzlaşma qeydə alınıb. Rusiyanın da taxıl bazarında qiymət enişi tendensiyası müşahidə edilir. Bu da Azərbaycana idxal olunan buğdanın daha ucuz qiymətə başa gəlməsinə səbəb ola bilər", – deyə iqtisadçı əlavə edib. Müsahibimiz qeyd edib ki, Azərbaycanın əsas buğda tədarükçüsü Rusiyadır. Qazaxıstandan idxal həcmi çox cüzidir, Ukraynadan isə son illərdə, xüsusilə müharibədən sonra, demək olar ki, heç bir idxal həyata keçirilmir. "Buğda əmtəə məhsuludur, yəni beynəlxalq bazarlarda ticarət olunan mallardandır. Buna görə də buğda qiymətləri təkcə bir ölkədə deyil, dünya bazarlarında formalaşır. Məsələn, necə ki, neft və ya qızılın qiyməti birjada müəyyən olunur və qlobal təsirlər nəticəsində dəyişir, buğda da həmin prinsiplərlə qiymətlənir", – deyə Kərimli vurğulayıb.Qeyd edək ki, son aylarda Rusiyada taxılın qiymətində eniş müşahidə olunur. Mütəxəssislərin bildirdiyinə görə, həm daxili tədarükün artması, həm də beynəlxalq bazarlarda buğdaya olan tələbatın nisbətən zəifləməsi qiymətlərə təsir göstərib. Rusiyanın kənd təsərrüfatı sektoru üzrə məlumatlara əsasən, 2025-ci ilin iyun ayında yerli bazarda buğdanın qiyməti son bir ilə nisbətən təxminən 10–12 faiz ucuzlaşıb.

Gülbəniz Hüseynli/ Metbuat.az

Seçilən
29
1
metbuat.az

2Mənbələr