İsrail yenə də gecə vaxtı İrana hücum edib.
İran Azərbaycanın qonşusu, İsrail isə tərəfdaşıdır. Bəs, bu hücum Azərbaycana necə təsir edə bilər?
Siyasi təhlilçi Şücaət Əhmədzadə deyir ki, İsrailin İrana hücumu Azərbaycanla İranın yaxşılaşan münasibətlərini sınaya bilər.
"Əgər qarşıdurma lokal və limitli olarsa, İsrailə İran da sırf dronlarla cavab verərsə onda hansısa de-eskalasiyanın gedəcəyin gözləmək olar. Yox, əgər esakalasiya gedərsə, Yaxın Şərqdə daha geniş qarşıdurma ola bilər. Onda Azərbaycan üçün vəziyyət çox çətin olacaq", - Şücaət Əhmədzadə deyib.
Təhlilçi hesab edir ki, İran-İsrail münaqişəsi qızışsa, böyük müharibəyə çevrilsə Azərbaycan qaçqın axını ilə üzləşə bilər.
Şücaət Əhmədzadə bildirib ki, "Bu qaçqın dalğası yaranarsa, o Azərbaycana da üz tuta bilər. Azərbaycanla İran ortaq kimlikləri bölüşən çoxlu sayda insanların olduğu qonşu ölkələrdir".
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Cənab Əhmədzadəyə görə, bu münaqişə böyüsə, Azərbaycan diplomatik siyasi çətinlik qarşısında qala bilər.
"Bu, Azərbaycanın ən yaxın müttəfiqi Türkiyənin İsraillə toqquşması ola bilər. Əgər söhbət Yaxın Şərqdə böyük müharibədən gedirsə. İki tərəfi, biri müttəfiq, biri tərfdaş olan ölkələri balanslaşdırmaq o zaman çətin olacaq ki, de-fakto onlar arasında münaqişə gedir. Bu silahlı olmasa belə, Azərbaycan kimi kiçik dövlətlər üçün çətin olur", - Şücaət Əhmədzadə vurğulayıb.
2024-cü ildə də hər iki ölkə bir-birinə hücum etmişdi.
İran Azərbaycanın qonşusudur. Bu ölkə milyonlarla etnik azərbaycanlının vətənidir.
İsrail isə Azərbaycanın tərəfdaşıdır, Azərbaycan İsraildən silah alır.
Video açılmırsa, YouTube kanalımızda izləyin.