Qarabağ bölgəsində həm tematik, həm də regional (klaster) yanaşma əsasında yeni turizm məhsulları formalaşdırılır.
"Report"un “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda bildirib.
Onun sözlərinə görə, bölgəyə tematik yanaşmaqla mədəniyyət, Qarabağ xalçaları, muğam, tarix, kulinariya və digər mövzularda turizm marşrutları və məhsulları yaratmaq mümkündür: “Eyni zamanda regional - yəni klaster yanaşma da tətbiq olunmalıdır. Hər bölgənin öz təbiəti və resursları nəzərə alınaraq fərqli məhsullar hazırlanmalıdır. Ən çox potensial Kəlbəcər və Şuşa bölgəsində müşahidə olunur. Məsələn, Kəlbəcərin isti su ehtiyatları, çayları, meşəlikləri və sağlamlıq turizmi üçün əlverişli təbii imkanları var. Bu səbəbdən orada istirahət və reabilitasiya komplekslərinin yaradılması, beynəlxalq tədbirlərin keçirilməsi üçün məkanların formalaşdırılması nəzərdə tutulur. Şuşa isə artıq bu baxımdan müəyyən mərhələ keçib və müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində mədəniyyət və turizm paytaxtı elan olunub. Hazırda Şuşada festivallar, korporativ və digər tədbirlər keçirilir və bu proses genişlənəcək”.
O qeyd edib ki, Laçın da təbiəti, sağlamlıq turizmi imkanları, kulinariyası ilə seçilir: “Laçın MDB kulinariya xəritəsində əhəmiyyətli yer tuta bilər. Həm Azərbaycan, həm də MDB ölkələrinin mətbəxini təbliğ etmək üçün keçid məntəqəsi kimi istifadə edilə bilər”.
K. Quluzadənin sözlərinə görə, digər bölgələrdə də yerli xüsusiyyətlərə uyğun turizm məhsullarının hazırlanması planlaşdırılır: “Məsələn, Tuğ kəndi Prezidentin sərəncamı ilə qoruq elan olunub. Tuğun tarixi və keramika imkanları turizm üçün çox maraqlıdır. Biz artıq həmin ərazidə yetişən üzüm sortlarından, xına toğumundan istifadə edərək şərab istehsalına başlamışıq. Bu da turizmin bir hissəsidir”.
O bildirib ki, azad edilmiş ərazilərdə “qara turizm” (“black tourism”) sahəsinin də inkişafı nəzərdə tutulur: “İşğaldan azad olunmuş ərazilərdəki dağıntılar, izlər qorunmalı, bəziləri açıq hava muzeyinə çevrilməlidir. Məqsəd həm yerli əhalinin, həm də xarici turistlərin müharibənin fəsadlarını və işğal tarixini görməsidir. Bu da turizmin bir sahəsi ola bilər”.
Sədrin müşaviri vurğulayıb ki, Ağdam bu baxımdan mühüm mərkəz olacaq: “Ağdam yaxın illərdə bölgənin əsas şəhərlərindən birinə çevriləcək. Orada beynəlxalq tədbirlər və konfranslar üçün geniş imkanlar yaradılacaq. Hər bölgəyə fərqli yanaşılsa da, ümumi yanaşma budur ki, Qarabağda turizm inkişaf etdirilməlidir. Bu təkcə Dövlət Turizm Agentliyinin işi deyil. Bütün qurumlar, eləcə də özəl sektor bu prosesdə aktiv iştirak etməlidir. Sənaye sektorunun da bu sahəyə marağı artır”.
O əlavə edib ki, xaricdə yaşayan milyonlarla azərbaycanlı, həmçinin əcnəbi turistlər Qarabağı görmək istəyirlər və bu istiqamətdə maraq durmadan artır.