AZ

İqtisadiyyatımız inkişaf etdikcə əhalinin həyat şəraiti yaxşılaşır - Komitə sədri

Prezident İlham Əliyevin sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin artırılması ilə bağlı ötən gün fərman imzalayıb. Ümumilikdə, fərmanla sosial müavinət və təqaüdlər orta hesabla 20 % artırılır.

Fərman Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan 5-ci sosial islahat paketnin tərkib hissəsidir və 3 milyon vətəndaşı əhatə edir. Vətəndaşların əməkhaqqı, pensiya, müavinət və təqaüdlərinin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb.

Modern.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin edilməsi, sosial-rifah halının yaxşılaşdırılması dövlətimizin qarşısında duran başlıca vəzifəsidir:

"Hər il dövlət büdcəsindən sosial xərclərə maliyyə vəsaitlərinin artırılması, şəhid ailələrinə, müharibə əlillərinə, imkansızlara göstərilən qayğı, onların mənzillərlə, minik avtomobilləri ilə təmin edilməsi bu vəzifənin diqqət mərkəzində olduğunu göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər, imzaladığı fərman və sərəncamlar, sosial layihələr bilavasitə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına - əmək haqlarının, müavinətlərin, təqaüdlərin, yardımların artırılmasına, normal və mənalı həyat şəraitinin təmin edilməsinə istiqamətləndirilmişdir".

Komitə sədri qeyd edib ki, ölkə rəhbərinin bu günlərdə sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğinin artırılması, bununla əlaqədar bəzi fərmanlarda və sərəncamlarda dəyişiklik edilməsi haqqında imzaladığı fərman bu qayğı və diqqətin ifadəsidir.

"Əlilliyə, ailə başçısını itirməyə, qəyyumluğa, çoxuşaqlığa, uşağın anadan olmasına, fəxri adlara və sairə görə təqaüdlərin məbləğinin xeyli artırılması ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.

Minlərlə insanı əhatə edəcək bu fərman ölkə vətəndaşına qayğıkeş münasibətin, hörmət və ehtiramın nümunəsi olmaqla bərabər, həm də dayanıqlı və inkişafda olan iqtisadiyyatımızın göstəricisidir. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhalinin həyat şəraiti yaxşılaşır və insanlar öz dövləti, rəhbəri ətrafında daha sıx birləşərək yeni uğurlara imza atırlar".

Seçilən
20
1
modern.az

2Mənbələr