Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Azərbaycanın Milli Qəhrəmanı, "Zəfər" ordenli, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu Nurlan Həmidli ilə görüşüb.
Modern.az xəbər verir ki, Nurlan Həmidli bu il Qubadlı rayonu Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin XI sinfini bitirir. İdarə müdiri onu məktəbi bitirməsi, məzun olması münasibətilə təbrik edib, gələcək təhsil və həyat yolunda uğurlar arzulayıb.
Görüş zamanı Fuad Bədəlov Şükür Həmidovun şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Azərbaycan Ordusunda qüsursuz xidmətindən, göstərdiyi şücaət və qəhrəmanlığından, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan danışıb.
Qeyd olunub ki, polkovnik Şükür Həmidovun qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, o xidməti dövründə müxtəlif orden və medallarla təltif olunub.
Görüşdə məzun xatirə hədiyyələri təqdim edilib.
Nurlan Həmidli builki buraxılış imtahanında 224,5 bal toplayıb.