Azərbaycan Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin hesabat konserti keçiriib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin musiqi və incəsənət sektorunun müdiri Altun Rəcəbli, informasiya sektorunun müdiri Rərvin Muradzadə, Respublikanın əməkdar artisti Mirnazim Əsədullayev, Əməkdar artist Toğrul Əsədullayev, Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin direktoru Gülnarə Səfərova, Bakı şəhərindəki bir sıra musiqi və incəsənət məktəblərinin direktorları, 44 günlük müharibənin iştirakçısı, məktəbin məzunu, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsi müdalları ilə təltif olunan Qələndər Zeynalov və digərləri iştirak ediblər.
Tədbirin aparıcısı, fortepiano müəllimi Nərmin İsgəndərova qonaqları salamlayıb, məktəbin tarixi haqqında məlumat verib.
Məktəbin direktoru Fəva Həziyeva çıxış edərək tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib.
Sonra məktəbin ictimai və musiqi həyatında fərqlənən şagirdlərə Fəxri fərmanlar təltif edilib. Diqqətə çatdırılıb ki, bu il G.Şaroyevin 135 illiyi və məktəbin yaranmasının 90 illik yubileyini qeyd edilir.
Sonda isə məktəbin 90 illik yubileyi çərçivəsində Hesabat konserti təqdim edilib. Konsertdə şagirdlərdən Respublika müsabiqəsi laueratı, Beynəlxalq müsabiqənin laueratı Mələk Cəbrayılova, Ayxan Sadıqov, bahar Seyidzadə, Fidan Sultanova, Məlik fatimə,Flora Niftəli, Süleyman Əliyev, Ömər Bəbirli, Fəridə Məmmədzadə, Reyhanə Kərimi, Məryəm Əhmədzadə, İsman Nuriyev və digərlərinin ifalarından tamaşaçılar da razı qalıblar.
Xüsusi qeyd:
G.Şaroyev 13 iyun 1890 -cı ildə Rusiyanın Moskva şəhərində anadan olub. Pianoda ifa etməyə səkkiz yaşında başlamışdı. 1900 -cu ildə Moskva Dövlət Konservatoriyasına qəbul olmuş , Henrix Paxulski, Vasili Safonov, Konstantin İqumnov kimi pedaqoqlardan dərs almışdı. Daha sonra Sank-Peterburqa köçmüş və1915-ci ildə təhsiliniPeterburq Konservatoriyasında tamamlamışdı.
1919-cu ildə Azərbaycan klassik musiqisinin banisi, professional bəstəkarlıq məktəbinin və musiqi təhsilinin yaradıcısı dahi Üzeyir Hacıbəylinin dəvəti ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin nəslindən olan G.Şaroyev ömürlük taleyini Bakı ilə bağlamışdır. Azərbaycan Dövlət Konservatoriyasında fortepiano kafedrasının (indiki Bakı Musiqi Akademiyasının) yaradılmasında böyük əmək sərf etmiş və 1921 -ci ildən ömrünün sonuna kimi (1969-cu il ) Azərbaycan Dövlət Konservatoriyasında fortepiano kafedrasının müdiri, dekan, elmi və tədris işləri üzrə prorektor olmuşdur. O , Azərbaycanda musiqi mədəniyyətinin inkişafına əhəmiyyətli xidmətlər göstərərək Konservatoriyanın professoru və “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür
G.Şaroyevin təşəbbüsü və rəhbərliyi ilə 1934-cü ildə Müdafiə Nazirliyinin Bakı Dairəvi Zabitlər Evinin nəzdində musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi fəaliyyətə başladı. O,öz tükənməz enerjisi sayəsində ömrünün sonuna qədər məktəbə rəhbərlik etmişdir. İstedadlı musiqiçi və bacarıqlı təşkilatçı olan G.Şaroyev qısa müddət ərzində öz ətrafında pedaqoqlar topladı. Onların arasında professorlar Semyon Bretanitski, Samuil Berolski, (V.Anşeleyeviç),Xalq artisti, professor Kövkəb xanım Səfərəliyeva , Əməkdar incəsənət xadimi , professor Azad Əliyev, Xalq artisti, professor Fərəc Qarayev və başqalarını göstərmək olar.
1951-ci ildə Hərbi Şuranın qərarı ilə məktəb məcburi nəzəri fənnlərin sayını artırmaqla orta onillik, 1960-ci ildə isə proqramlara məcburi fənn kimi pedaqoji praktika, xor dirijorluğu və təlim metodikası fənnləri daxil edilərək onbirillik Orta İxtisas musiqi məktəbi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə G.Şaroyevin ölümündən sonra məktəbə onun adı verilmişdir. 1987-ci ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə məktəb Azərbaycan SSRİ Mədəniyyət Nazirliyinin tabeliyinə keçərək Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi adlandırılmışdır.
Diqqətinizə çatdıraq ki, 1969-1970 ci illər ərzində məktəbə SSRİ Xalq artisti maestro Niyazi,1970-1992 - ci illər ərzində Respublikanın Əməkdar müəllimi Nurcahan Əliyeva, 1992-1995 - ci illər ərzində Nüşabə Quliyeva, 1995 - 2021 - ci illər ərzində Əməkdar müəllim Yusif Vəliyev rəhbərlik etmişdir. 2021 - ci ildən isə məktəbimizə Vəfa Həziyeva rəhbərlik edir.
G.Şaroyev böyük pianoçular nəsli yetişdirmişdir. Məktəbin məzunlarından bəstəkar Oleq Flezer, Moskva Dövlət Konservatoriyasının professoru , bəstəkar,Rusiyanın Əməkdar incəsənət xadimi Konstantin Bataşov,Sank-Peterburq Konservatoriyanın professoru, dirijor , Rusiyanın Xalq artisti Stanislav Qorkovenko və onlarla görkəmli musiqiçilər dünyanın bir sıra ölkələrində yaşayıb yaradırlar.
Məktəbimizin məzunları arasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, T. Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru , Əməkdar müəllim Gülnarə Səfərova, Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Qərinə Kərimova, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrin solisti Boris Paşkin, Ankara Dövlət Konservatoriyasının dosenti , pianoçu Yuriy Sayutkin, Respublikanın ilk qadın dirijoru, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar artist Səbinə Əsədova, Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli və başqalarını göstərmək olar. Həmçinin pianoçular SəriyyəBabayeva, Fidan Ağayeva, Ülkər Hacılı, Həşim Həşimov, Ləman Seyidova, Suada Hacızadə, bəstəkar Arzu Abbasova və başqaları xarici ölkələrdə fəaliyyət göstərirlər.
Ölkə başçısı cənab İlham Əliyevin 04 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə Dövlət proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məktəbin binası əsaslı təmir olunaraq 15 sentyabr 2012-ci il tarixindən istifadəyə verilmişdir. Məktəb yeni musiqi alətləri və avadanlıqlarla təmin olunmuşdur. Məktəbin binası iki mərtəbə və monsartdan ibarətdir. 36 sinif otağı, kiçik və böyük zal, muzey, kitabxana, anbar, arxiv yaradılmışdır. Məktəbdə 19 ixtisas (fortepiano, violin, faqot, zərb, gitara, kontrabas, klarnet, saksofon, fleyta, vokal, tar, qanun, kamança, balaban, qarmon, nağara, xanəndə, bəstəkarlıq, saz) tədris olunur. 5 şöbə( fortepiano, xalq çalğı alətləri, nəzəriyyə, orkestr alətləri, ümumi fənnlər ) fəaliyyət göstərir. 397 şagirdin təlim tərbiyə və tədrisi ilə 69 müəllim məşğul olur.
Çox fərəhləndirici haldır ki, məktəbin məzunlarından Rəna Ələkbərova, İrina Semyonova, İsmət Quliyeva, Cəmilə Səmədzadə, Nərmin İsgəndərova, Kəmalə Ələsgərova, Dinar İsgəndərova, Günay Nağdalıyeva, Ramin Məmmədov, Həqiqət Starşinina və Seyidova - Cəlilova Lalə öz doğma məktəblərində pedaqoji fəaliyyətlə məşğul olurlar.
Məktəbimizin məzunlarından Fəridə Rzayeva, Nəriman Əmiraslanov, Mircavid Cəfərov, Suada Hacızadə, Emin Eminzadə, Atabala Manafzadə, Mirpaşa Şükürov Prezident təqaüdçüləridir. G.Şaroyevin musiqi təhsili sahəsindəki ənənələrini yaşadan və inkişaf etdirən məktəb olaraq şagirdlərimiz Respublika və Beynəlxalq müsabiqələrdə fəal çıxış edirlər.
Məmmədhəsən Məmmədov