Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanunda vətəndaşlar üçün sabit tariflər nəzərdə tutulub.
Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Sabit tarifə görə istehlakçılar evində qaz istifadə etməsə də müəyyən məbləğ ödəməyə məcbur olacaqar.
Qeyd edək ki, qanun birinci oxunuşda bu gün qəbul edilib.
Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Xalid Kərimli Modern.az- bildirib ki, bu məsələ ilə bağlı müxtəlif xəbərlər yayılsa da, hələlik dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün müvafiq qanun qəbul edilməyib. Başqa sözlə, sözügedən mexanizmin dəqiq mahiyyəti, tətbiq forması, şərtləri tam aydın deyil:
“Bildirilməlidir ki, bu prosesdə iştirak edən şəxslər - deputatlar xalq tərəfindən seçilmiş nümayəndələrdir. Vətəndaşların mövqeyi məhz bu nümayəndələr vasitəsilə ifadə olunmalıdır. Əgər cəmiyyət arasında narazılıq yaranırsa, bu, deputatların müzakirələrində əks olunmalı, ictimai rəy nəzərə alınmalıdır”.
O həmçinin vurğulayıb ki, qanun layihəsinin əsas detalları hələ də ictimaiyyətə açıqlanmayıb:
“Məsələn, sabit haqqın hansı qaydada tətbiq ediləcəyi – mövcud istehlak haqqının tərkib hissəsi kimi tutulacağı, yoxsa əlavə ödəniş kimi tətbiq olunacağı hələlik bəlli deyil. Əgər bu sabit haqq mövcud ödənişlər çərçivəsində hesablanacaqsa, bu, əhali üçün əlavə maliyyə yükü yaratmayacaq”.
Ekspertin sözlərinə görə, təklif olunan dəyişikliklərin əsas məqsədinin istifadəsiz və uzun müddət boş qalan mənzillərlə bağlı olduğu qeyd edilir:
“Belə ki, dövlət həmin evlərdə qaz təchizat şəbəkəsinin təhlükəsiz və saz vəziyyətdə saxlanması üçün əlavə xərclər çəkir. Bu səbəbdən həmin xərcin bir hissəsinin mülkiyyətçi tərəfindən ödənilməsi nəzərdə tutulur ki, bu da ümumilikdə ədalətli yanaşma kimi qiymətləndirilə bilər”.
X.Kərimli onu da ələvə edib ki, dövlət hazırda əhaliyə qaz subsidiyaları təqdim edir:
“Lakin bu subsidiyalar büdcəyə əlavə yük yaradır və hökumət bu yükün müəyyən hissəsini tədricən əhali üzərinə ötürmək niyyətindədir. Bu zaman isə şəffaflıq, aydınlıq və ictimai hesabatlılıq təmin edilməlidir ki, vətəndaşlar yaranan dəyişikliklərin məqsəd və mexanizmlərini tam anlasınlar”.
“Cəmiyyət bu prosesdə daha fəal mövqe sərgiləməli, qanun layihəsinin detalları açıqlanarkən öz irad və təkliflərini bildirməlidir. Hazırkı mərhələdə isə informasiyanın yetərsizliyi səbəbindən mövcud təşəbbüsü tam dəyərləndirmək və yekun rəy bildirmək hələ tezdir”, -deyə sonda iqtisadçı qeyd edib”.
Aytac Bəhruzqızı