ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün Tehrana ikinci şans verir.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, bu dəfə İran rəhbərliyi daha konstruktiv mövqe nümayiş etdirməlidir.
“İki ay əvvəl mən İrana 60 günlük bir ultimatum verdim ki, nüvə proqramı üzrə razılaşma imzalasınlar. Onlar bunu etməli idilər! Bu gün artıq 61-ci gündür. Mən onlara nə etməli olduqlarını dedim, amma onlar sadəcə bunu bacarmadılar. İndi isə onların, bəlkə də, ikinci bir şansı var!” – deyə dövlət başçısı qeyd edib.
Trampın bu açıqlaması, İsrailin İrana hərbi əməliyyatları fonunda səslənib. Son günlər regionda gərginliyin artması, xüsusilə İranın nüvə fəaliyyətlərini genişləndirməsi və uranı yüksək səviyyədə zənginləşdirməsi İsrail və onun müttəfiqlərini ciddi narahat edir.
Təl-Əviv açıq şəkildə bəyan edib ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək. Bu məqsədlə İsrail Müdafiə Qüvvələri (IDF) bir neçə ssenari üzrə planlarını reallaşdırmağa başlayıb. ABŞ administrasiyası isə məsələyə diplomatik yanaşmanın üstünlük təşkil etməsini istəsə də, Trampın bəyanatı İran üzərində siyasi təzyiqlərin davam edəcəyindən xəbər verir.
Donald Tramp İsrailin İrana hücumunu mükəmməl adlandırıb və bildirib ki, qarşıda hələ çox şey var.
“Məncə, bu, mükəmməl oldu. Biz onlara (İrana – red.) şans verdik, amma onlar bundan istifadə edə bilmədilər. Onlar güclü zərbə aldılar, çox güclü. Onlar mümkün olan qədər sərt vuruldular. Və bu hələ hamısı deyil, qarşıda çox şey olacaq.”
Eyni zamanda, ABŞ lideri bu hücumda ABŞ-ın iştirak edib-etməməsi barədə suala cavab verməkdən imtina edib.