AZ

İranın nüvə proqramı ilə bağlı danışıqlar necə keçdi?

İyunun 13-də İsrail İranda "Şir kimi millət" ("Am keLavi") adlı hərbi əməliyyata başladığını elan edib. Ölkə nümayəndələri bildirirlər ki, onun məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır. 

HİT.az xəbər verir ki, İranın nüvə proqramı ilə bağlı danışıqların əvvəllər necə getdiyini “Kommersant” araşdırıb.

2003-cü ilin avqustunda MAQATE müfəttişləri İranda zənginləşdirilmiş uranın izlərini aşkar etdilər və zavodların gücünün dinc məqsədlər üçün lazım olandan artıq olduğunu bildiriblər.

Həmin il üç ölkə - Fransa, Almaniya və Böyük Britaniya İranla nüvə proqramı ilə bağlı danışıqlara başlayıb. Onların nəticəsi İranın 2003-cü il dekabrın 18-də Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə MAQATE-nin təftiş imkanlarını genişləndirən əlavə protokolunu imzalaması olub.

2005-ci ilin iyununda nüvə proqramının davam etdirilməsinə cavab olaraq, ABŞ nüvə sənayesi ilə əlaqəli İran banklarına, şirkətlərinə və şəxslərə qarşı ilk sanksiyaları tətbiq edib. 2006-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurası İranın uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyinə görə sanksiyalar tətbiq edib. Elə həmin il danışıqlar aparan üç ölkəyə ABŞ, Rusiya və Çin də qoşulub. 2010-cu ilin iyulunda Aİ İranın nüvə proqramı və insan haqlarını pozduğuna görə ona qarşı sanksiyalar tətbiq edib.

2010-cu ildən bəri altılıq ölkəsi ilə İran arasında danışıqların bir neçə raundu keçirilib. Onların ən mühüm nəticəsi 2013-cü il noyabrın 24-də Cenevrədə altı ay müddətinə birgə planın imzalanması olub və bu plana əsasən, İran uranın 5%-dən yuxarı zənginləşdirilməsini dayandırmağı və yeni mərkəzlərin tikintisini dayandırmağı öhdəsinə götürüb. Hərtərəfli sazişin imzalanması üçün son tarix dəfələrlə təxirə salınıb.

2015-ci il iyulun 14-də danışıqlar sazişin - Birgə Kompleks Fəaliyyət Planının (JCPOA) imzalanması ilə başa çatıb. Sanksiyaların ləğvi müqabilində İran xüsusilə sentrifuqaların sayını 19 mindən 6104-ə endirməyə razılaşıb. Ümumilikdə Tehran uranı ən azı 15 il ərzində 3,67%-dən yuxarı zənginləşdirməməyə razılaşıb. 18 oktyabr 2015-ci ildə JCPOA qüvvəyə minib və onun praktiki icrası 2016-cı il yanvarın 16-dan başlayıb.

2018-ci il mayın 8-də ABŞ nüvə sazişindən birtərəfli qaydada çıxdığını və sanksiyaların bərpa olunduğunu elan edib. Donald Tramp bildirib ki, İran razılaşmaya baxmayaraq uranı zənginləşdirməyə və nüvə silahı istehsal etməyə davam edir. Bunun ardınca İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarını artırıb və MAQATE-nin məlumatına görə, JCPOA-da müəyyən edilmiş həddi təxminən 40 dəfə keçib.

2025-ci il mayın 23-də İranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu baş tutdu və burada İran və ABŞ arasında yeni saziş müzakirə edilib. ABŞ prezidenti Donald Tramp İran hökumətinin sazişlə bağlı təkliflərinin qəbuledilməz olduğunu bildirib. İranın ali dini lideri Əli Xamneyi Vaşinqtonun irəli sürdüyü şərtlərin ölkənin maraqlarına zidd olduğunu bildirib.

Samir
 

Seçilən
17
hit.az

1Mənbələr