“Şahdağ” Turizm Mərkəzində 10 kilometrlik yeni xizək yolunun inşası həyata keçirilir.
"Report"un Mərkəzə ezam olunmuş müxbiri xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Rüstəm Nəcəfov yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda deyib.
Onun sözlərinə görə, yay mövsümünə hazırlıq çərçivəsində ərazidə və hotellərdə mövcud infrastruktur təkmilləşdirilib, yenidənqurma və bərpa işləri aparılıb, kanat xətləri, əyləncə növləri və atraksionlar texniki baxışdan keçirilib və tam istifadəyə hazır vəziyyətə gətirilib.
O, 2026-cı ilin mart ayında “Şahdağ”da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə əlaqədar olaraq yeni infrastruktur layihələrinin icrasına start verildiyini qeyd edib, bu çərçivədə 10 kilometrlik yeni xizək yolunun inşasının həyata keçirildiyini qeyd edib.
Turizm rəsmisi həmçinin bildirib ki, bu ilin sonuna qədər 124 nömrədən ibarət daha bir hotelin istifadəyə verilməsi planlaşdırılır.
Mərkəz rəhbəri vurğulayıb ki, “Şahdağ” kompleksinin inkişafı və genişləndirilməsi mərhələli şəkildə davam etdirilir, görülən işlər davamlı xarakter daşıyır.