Sabiq Səfir: Başda Amerika olmaqla, Qərb ölkələri ədalət və sülh kimi anlayışlara ciddi yanaşmırlar
İsrail demək olar ki, bütün Orta Şərqdə at oynadır və heç kim ona qarşı çıxmır
Beynəlxalq sistemdən kimsənin İrana real şəkildə yardım edəcəyinə və ya onun tərəfində dayanacağına inanmıram
Dünən səhər saatlarında İsrail genişmiqyaslı hava hücumuna başladı. Hədəf İranın nüvə və hərbi infrastrukturu, o cümlədən Natanz uran zənginləşdirmə mərkəzi, ballistik raket istehsalı zavodları və hava müdafiə sistemləri oldu. İsrailin Mossad xidməti Tehran daxilində əməliyyatlar apararaq yüksək səviyyəli hərbi liderləri və strateji obyekləri hədəfə alıb. Tehran İran Sahil Mühafizəsinin “vaxtında və güclü” cavab verəcəyini açıqladı. Faktiki olaraq isə İran 100-ə yaxın dronla cavab hücumu təşkil etdi.
İsrailin İrana son hücumuyla bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a fikirlərini bölüşüb.
Müsahibəni təqdim edirik:
-Əfşar bəy, İsrailin son hücumu barədə nə deyə bilərsiniz?
-Təbii ki, İsrail bu hücumu Amerikanın, daha dəqiq desək, Trampın yaşıl işığı ilə həyata keçirib. Tramp özü də bu barədə dolayısı ilə etiraf edib. O sadəcə deyir ki, “prosesdən müəyyən qədər xəbərimiz var idi, lakin biz birbaşa iştirak etmədik.” Xüsusilə bu hücumun Məkkədə bazar günü keçirilməsi planlaşdırılan danışıqlardan öncə baş verməsi göstərir ki, ABŞ görüşün baş tutmaması üçün bu addımı atıb. İran da sonradan bildirdi ki, artıq danışıqların keçirilməsi mümkünsüzdür.
-Beynəlxalq sisteminin sözügedən məsələyə münasibəti barəsində nə düşünürsünüz?
-Beynəlxalq sistem demək olar ki, yox səviyyəsindədir. Bu sistem əsasən güc üzərində qurulub. Birləşmiş Millətlər Təşkilatı (BMT), Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) və digər qurumlar isə daha çox formal strukturlar kimi fəaliyyət göstərir. Başda Amerika olmaqla, Qərb ölkələri ədalət və sülh kimi anlayışlara ciddi yanaşmırlar. Bu prinsiplər onların reallıqlarında prioritet deyil. Yəni, beynəlxalq hüquq deyil, çılpaq güc işləyir. Əgər həqiqətən beynəlxalq sistem işləsəydi, ən azından Netanyahu məhkəməyə verilməli və cəzalandırılmalı idi. Amma ABŞ buna da imkan vermir. Hətta Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı sanksiyalar tətbiq edir.
-BMT və digər beynəlxalq təşkilatların son davranışları haqqında nə düşünürsünüz?
-BMT-nin Atom Enerjisi üzrə Agentliyi və digər beynəlxalq qurumlar İran əleyhinə qətnamələr qəbul edirlər. Bu da ümumi planın bir hissəsidir. İsrailin hücumu həmin təzyiq mexanizminin ən yüksək mərhələsi kimi görünür. Bu, sadəcə hərbi deyil, həm də siyasi təzyiqin göstəricisidir.
-İranın hücumlara cavab verməsi halında əziyyətin daha da gərginləşməsi mümkündür?
-Təbii ki, İran bu hücuma cavab verəcək, amma bu cavabın forması və nəticələri hələ bəlli deyil. Fransa açıq şəkildə bəyan edir ki, əgər İran cavab versə, İsrailin özünü müdafiə etmək hüququ var. Amma eyni hüquq İran üçün tanınmır. ABŞ da bu mövqedədir – “əgər İran cavab versə, İsrailə dəstək göstərəcəyik” deyirlər. Onsuz da ABŞ hər il İsrailə milyardlarla dollar yardım edir, silah və sursat verir.
-Sizcə, İran bu vəziyyətdə kimdən dəstək ala bilər?
-Beynəlxalq sistemdən kimsənin İrana real şəkildə yardım edəcəyinə və ya onun tərəfində dayanacağına inanmıram. Rusiya və Çin sözlə dəstək verirlər, amma onların da əməli olaraq bir addım atacaqlarını düşünmürəm. Bütün ölkələr ilk növbədə öz milli maraqlarını düşünürlər və ABŞ ilə münasibətlərini qorumağa çalışırlar. Xüsusilə Rusiya, Ukrayna müharibəsi ilə məşğul olduğu bu vaxtda İranın arxasında dura bilməz. Bəzi ölkələrin şifahi etirazları isə sadəcə simvolik xarakter daşıyır, real nəticə doğurmur. Təəssüf ki, müsəlman ölkələri də bu vəziyyətdə demək olar ki, heç nə edə bilmirlər. Əgər əllərindən nəsə gəlsəydi, Qəzza və Fələstin məsələsində çoxdan addım atardılar. İndi isə İsrail demək olar ki, bütün Orta Şərqdə at oynadır və heç kim ona qarşı çıxmır. Qəzzə tamamilə yerlə-yeksan edilib, minlərlə insan həlak olub, Livana və Suriyaya hücumlar davam edir.
-Bəs bu vəziyyətdən çıxış yolu nədir?
-Məncə, İran çoxdan ABŞ ilə münasibətləri normallaşdırmağa çalışmalıydı. İran Amerikanı İsraildən bir qədər uzaqlaşdırmaq niyyətində idi. Əgər digər ölkələrdən müəyyən addımlar olmasa, İran tək qalacaq və təkbaşına müqavimət regionda sülhə və sabitliyə xidmət etməyəcək. Əksinə, İranın daxilində də sabitliyi poza bilər. Bəlkə də İranın özündə elə silahlar və güc mövcuddur ki, bu balansı dəyişə bilsin. Həmçinin müəyyən ölkələrin yardımı işə düşsə, vəziyyət fərqli istiqamət ala bilər. Amma bu barədə dəqiq məlumat yoxdur. Sadəcə ehtimal səviyyəsində danışmaq olar”.