AZ

Kiril kölgəsində qalan Bakı: Küçə adlarımız və muzey lövhələrimizdəki laqeydlik


Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qəbul etdiyi ilk mühüm qərarlardan biri də latın qrafikalı yeni Azərbaycan əlifbasına keçid oldu. 2001-ci ildən etibarən ölkədə rəsmi olaraq yalnız latın qrafikalı Azərbaycan əlifbası tətbiq olunur. Bu dəyişiklik təkcə yazı tərzi ilə bağlı texniki məsələ deyildi – milli kimliyə, dilə və mədəniyyətə verilən önəmin simvolik ifadəsi idi. Lakin bu gün, müstəqilliyin üzərindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, Bakının mərkəzində belə bəzi küçə adları və ev muzeylərinin lövhələrində hələ də sovet dövrünü xatırladan kiril qrafikası ilə yazıların qalması təəssüf doğurur.

Tarixi binada qalan keçmişin kölgəsi

Ən çox diqqət çəkən nümunələrdən biri bəzi məşhur ev muzeylərinin girişindəki lövhələrdir. Məsələn, sənət, ədəbiyyat və musiqi sahəsində böyük şəxsiyyətlərin ev muzeylərinin adları ya tamamilə kiril qrafikasında yazılıb, ya da latın və kiril yazıları paralel olaraq təqdim olunub. Eyni hal bəzi küçə lövhələrində də müşahidə olunur: "улица", "дом", "музей" sözləri müasir şəhər görünüşünə zidd olaraq, keçmişin kölgəsini yaşadır.

Aşağıdakı foto bu vəziyyətin konkret sübutudur:

Bu lövhələr Bakı şəhərinin mərkəzində, Səbail rayonu ərazisindəki tarixi bir binanın divarına bərkidilib. Lövhələrdə yazılar tam şəkildə kiril qrafikasında həkk olunub və buranın vaxtilə yaşamış sovet dövrü siyasi və dövlət xadimlərinə həsr olunub: Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Dadaş Bünyadzadə, Soltanməcid Əfəndiyev. Bu adlar Azərbaycan tarixində öz yeri olan şəxslərdir. Onların xatirəsinin yaşadılması vacibdir. Amma bu xatirənin təqdimat forması müasir dövlətçilik prinsiplərinə uyğun olmalıdır. Kiril qrafikası ilə yazılmış lövhələrin hələ də şəhərin mərkəzində, ictimai istifadədə olan binaların üzərində qalması həm qanunvericiliyə, həm də mədəni estetikaya ziddir.

Qanun nə deyir?

Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanununun 3-cü maddəsində açıq şəkildə bildirilir:

“Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və bu dilin rəsmi qrafikası latın əlifbası əsasında müəyyən edilir.”

Eyni zamanda, 10-cu maddədə göstərilir ki, dövlət orqanları, müəssisələr, idarə və təşkilatlar tərəfindən hazırlanan yazılı məlumatlar, lövhələr, elanlar və reklamlar Azərbaycan dilində və latın qrafikası ilə tərtib olunmalıdır. Bu, hüquqi öhdəlikdir. Deməli, küçə adlarının, bina nömrələrinin və muzey lövhələrinin kiril qrafikası ilə qalması qanunun pozulması ilə yanaşı, dövlət dilinə olan etinasız yanaşmanın göstəricisidir.

Tarixi abidə, yoxsa texniki səhlənkarlıq

Bəziləri bu lövhələri "sovet dövrünə aid tarixi izlər" kimi qorumağın vacibliyini müdafiə edir. Lakin bu fikir heç də əsaslı deyil. Tarixi yaddaş yalnız mətnlə deyil, məzmun və kontekstlə təqdim olunmalıdır. Əgər bu cür lövhələr tarixi əhəmiyyət daşıyırsa, onlar muzey daxilində və ya ayrıca arxiv ekspozisiyasında nümayiş etdirilə bilər.

Bu cür lövhələrin açıq şəkildə şəhər məkanında yer alması xüsusilə gənc nəslin dil və əlifba ilə bağlı anlayışında çaşqınlıq yaradır. Bir tərəfdən məktəblərdə və ali təhsil müəssisələrində latın qrafikası öyrədilir, digər tərəfdən paytaxtın mərkəzində dövlət rəmzləri və tarixə dair kiril yazıları nümayiş olunur. Bu vizual ziddiyyət cəmiyyətin dil siyasəti ilə bağlı sabit və sistemli baxış formalaşdırmasına mane olur.

Şəhər estetikası və vizual kimlik

Müasir Bakı özünü Qafqazın avanqard paytaxtı kimi təqdim edir. Lakin bu statusa uyğun vizual kimlik, dil ardıcıllığı və qanunlara hörmət də olmalıdır. Qonşu Gürcüstanda və Türkiyədə bu məsələlər çoxdan sistemli şəkildə tənzimlənib. Bakı isə bu sahədə bir çox hallarda tarixi simvolları yox, texniki səhlənkarlığı qoruyur.

Bu lövhələr sadəcə köhnə daş parçası deyil — onlar ictimai münasibətin, mədəni siyasətin və idarəetmə səviyyəsinin göstəricisidir. Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma Komitəsi bu sahədə təcili tədbirlər görməli, bütün bu cür lövhələr inventarlaşdırılaraq ya yenilənməli, ya da muzeylərə köçürülməlidir. Bu, keçmişi silmək deyil — keçmişə milli-mədəni şüurla yanaşmaqdır. Və bu yanaşma bugünkü Azərbaycanın suverenlik göstəricilərindən biri olmalıdır.

Sevinc Bağırova,
Bakı Xəbər üçün xüsusi

Seçilən
5
baki-xeber.com

1Mənbələr