AZ

Cəlal Hüseynov “Şamaxı”dan ayrıldı, “Arda”ya qayıtdı

Futbol üzrə Azərbaycan milli komandasının və “Şamaxı”nın mərkəz müdafiəçisi Cəlal Hüseynov əyalət klubunu tərk edib.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, icarə müddəti başa çatmış futbolçu müqavilə ilə məxsus olduğu Bolqarıstanın “Arda” klubuna qayıdıb. “Şamaxı” Cəlala xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Cəlal Hüseynov “Şamaxı”ya bu ilin yanvar ayında icarə əsasında qoşulmuşdu. Müdafiəçi bu komandanın heyətində 17 oyuna çıxıb, 1 qol vurub. Millimizin üzvü daha öncə də “Şamaxı”da çıxış edib. Onun “Şamaxı”nın heyətindəki ümumi göstəriciləri belədir – 51 oyun, 1 qol, 1 assist.

Cəlal Hüseynov 2023-cü ilin iyun ayında “Zirə”dən azad agent kimi ayrılaraq “Arda”ya keçib və Bolqarıstan klubu ilə 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 49 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynamış Cəlal 2021-ci ilin noyabr ayında əsas millimizdə debüt edib. 21 yaşlı futbolçu Azərbaycan yığmasında 5 oyun keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 650 min avro məbləğində qiymətləndirir.

Seçilən
33
arena.az

1Mənbələr