AZ

5-ci sosial islahat paketi uğurla gerçəkləşdirilir  – 3 milyon insanı əhatə edən qərar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Fərmanı ilə sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilib. Məlumata görə, sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması 3 milyon insanı əhatə edəcək.
Bununla bağlı Moderator.az-a danışan  Millət vəkili Aydın Hüseynov deyib ki,Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən 5-ci sosial islahat paketi dövlətin sosial müdafiə siyasətindəki humanitar yanaşmasını və sosial ədalətə olan diqqətini göstərir.
Deputatın sözlərinə görə, təqaüdlərin artırılması, xüsusilə pensiyaçılar, şəhid ailələri və müharibə iştirakçıları kimi xüsusi qrupları əhatə edir ki, bu da onların həyat səviyyəsinin yüksəldilməsi məqsədini güdür:
“Bu dəyişiklik, cəmiyyətin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda dövlətin bu təbəqələrə qarşı məsuliyyətinin artırılması kimi qiymətləndirilə bilər. Bu islahat paketinin icrasının ilk addımı kimi 2025-ci ilin yanvarın 1-dən minimum aylıq əməkhaqqının 400 manata, fevralın 1-dən isə minimum pensiya məbləğinin 320 manata çatıdırılması, həmçinin bütün növ pensiyaların ilin əvvəlindən 8,1% indeksləşdirilməsini götürmək olar. Beləliklə, 5–ci sosial islahat paketinin icrasının növbəti və son addımı təqaüd alan şəxslərin aylıq gəlirlərini artıracaq, onların gündəlik həyatını xeyli yüngülləşdirəcək. Bu qərar, xüsusilə yaşlılar, şəhid ailələri və müharibə iştirakçıları üçün əhəmiyyətlidir. Təqaüdlərin artırılması, bu insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına, onların sosial təminatının artırılmasına və iqtisadi çətinliklərin bir qədər azaldılmasına kömək edəcək”.
 
Deputat diqqətə çatdırıb ki,  bu qərar uzunmüddətli sosial rifah siyasətinin bir hissəsi olaraq görülə bilər:
 
“Dövlətin sosial sahədəki müdaxilələri və təqaüd artırımları, cəmiyyətin ən həssas təbəqələrinə yönəldilərək onların rifahını artırmağa çalışır. Bu addım, dövlətin sosial təminat şəbəkəsini gücləndirməyi hədəflədiyini və sosial ədalətin təmin edilməsində davamlı addımlar atdığını göstərir. Onu da qeyd etmək lazımdır ki, 5-ci sosial islahat paketi ümumilikdə əməkhaqqı üzrə 700 min nəfəri, sosial ödənişlər üzrə 3 milyon nəfəri əhatə edir. 5-ci sosial islahat paketinin maliyyə tutumu isə 1,4 milyard manatdır. İndiyə qədər, 2019-2025-ci illərdə reallaşdırılan 5 sosial islahat paketinin maliyyə tutumuna gəlincə, bu rəqəm 7,6 milyard manat təşkil edir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
16
moderator.az

1Mənbələr