Tesla-nın baş direktoru İlon Mask şirkətin gələcəyini avtonom nəqliyyat texnologiyası və robotaksi xidmətinə bağlayır. Uzun illərdir vəd edilən bu texnologiya üçün Mask ilk xidmətin 22 iyun tarixində ABŞ-ın Ostin şəhərində istifadəyə veriləcəyini açıqlayıb.
Mask bu yeni xidmətin Tesla-nın indiyədək istehsal etdiyi ən önəmli məhsul olacağını bildirib. Lakin həm təhlükəsizlik, həm də ticari dayanıqlılıq baxımından robotaksi ideyasına dair suallar qalmaqdadır.
Nəhəng rəqiblər geri çəkildi
Avtonom nəqliyyat sektorunda əvvəllər General Motors və Ford kimi böyük istehsalçılar milyardlarla dollar xərcləmələrinə baxmayaraq layihələrindən imtina ediblər. GM robotaksi bazarının çox rəqabətli və yüksək maliyyətli olduğunu əsas gətirərək çıxıb, Ford isə bu sahədəki fəaliyyətini tamamilə dayandırıb.
Lakin mütəxəssislərə görə, Tesla-nın əsas rəqibi Uber və Lyft kimi insan sürücüləridir.
Tesla bazarın harasındadır?
Google-un ana şirkəti Alphabet-in törəməsi olan Waymo hazırda San-Fransisko, Los-Anceles, Finiks və Ostin kimi dörd böyük ABŞ şəhərində həftədə 250 min ödənişli robotaksi səfəri həyata keçirir. Çin də aktiv robotaksi xidmətləri olan ölkələrdəndir. Waymo bu günə qədər 10 milyon ödənişli səfər reallaşdırdığını açıqlayıb.
Mask isə bu ilin aprel ayında verdiyi açıqlamada Tesla-nın bu sahədə %99 bazar payına sahib olacağını iddia edib. Amma ekspertlər Waymo kimi sistemlərin Tesla-dan qat-qat irəlidə olduğunu vurğulayır.
Təhlükəsizlik narahatlıqları
Robotaksi texnologiyasının ictimaiyyət tərəfindən qəbul edilməsində təhlükəsizlik əsas amildir. Tesla-nın tam avtonom idarəetmə (FSD) texnologiyası yalnız kamera istifadə edərkən, rəqibləri lidar və radar kimi daha inkişaf etmiş sensorlardan yararlanır.
ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsi (NHTSA) Tesla-nın FSD sistemi ilə bağlı bir neçə istintaqa başlayıb. Onlardan biri günəşin parlaq olduğu bir sahədə bir piyadanın ölümünə səbəb olan qəza ilə əlaqədardır.
Mask isə lidar istifadəsini lüzumsuz dərəcədə baha və axmaqcasına adlandırır.
Tesla üçün həlledici dövr
Qeyd edək ki, Tesla-nın satış və gəlirləri son dövrlərdə ciddi şəkildə azalıb. Şirkət ötən il gəlirində 53 faizlik bir azalma yaşayıb və səhmləri son aylarda 30 faiz dəyər itirib. Bu enişdə Maskın siyasi çıxışlarının da rolu olduğu qeyd olunur.