"İspaniyanın "Barselona" klubunun bu mövsüm Çempionlar Liqasını qazana bilməməsinin əsas səbəblərindən biri də gənc futbolçularının təcrübəsizliyidir".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, "Barselona"nın "La Masia" akademiyasında yetişən oyunçuları komandanın oyun fəlsəfəsinin əsasını təşkil edirdi:
"Xavi, İnyesta, Buskets, Puyol, Pike və Messi kimi futbolçular "Barselona"nı bu nöqtəyə gətirib çıxarıblar. Yəni "Barselona" pik səviyyəsini bu futbolçular sayəsində yaşayıb.
Çünki onların hamısı bir fəlsəfədə, bir istiqamətdə böyümüş futbolçular idi. Təbii ki, onlar keyfiyyət cəhətdən də dünyanın ən yaxşıları sayılırdılar. Qısacası, adıçəkilən ulduzların keyfiyyəti sayəsində "Barselona" bu səviyyəyə gəlib çatıb".
Ekspert qeyd edib ki, İspaniya klubu Messi, Xavi, İnyesta, Puyol, Pike və Buskest kimi futbolçuların yerini doldura bilmədi:
"Komandanın uğursuzluqları məhz bu futbolçuların yoxluğundan sonra başladı. Onlar gedəndən sonra "Barselona"nın naliyyətlər əldə etməyi də çətinləşdi.
Lakin indiki heyətdə çox istedadlı gənc futbolçular var. Hətta həmin oyunçular indidən İspaniya millisində öz fərqlərini ortaya qoymağı bacarıblar. Amma bir qədər təcrübə çatışmazlıqları var".
Mütəxəssis vurğulayıb ki, "Barselona"nın bu mövsüm Çempionlar Liqasını qazana bilməməsinin səbəblərindən biri də gənc futbolçularının təcrübəsizliyi oldu:
"Əslində, "İnter"lə yarımfinal mərhələsindəki matçda son dəqiqələrdə qol buraxmasaydılar, finala çıxacaqdılar. "Barselona" bütün oyun üstün olsa da, İtaliya təmsilçisi futbolçularının təcrübəsi sayəsində turu keçə bildi.
Məsələn, "Barselona"nın mərkəz müdafiəçilərinin gənc və təcrübəsiz olmaları nəticəyə birbaşa təsir etdi. Belə ki, onlar birinci dəqiqədən necə hücuma meyilli oynayırdılarsa, hesabda öndə olanda da yenə eyni şəkildə oynamağa davam etdilər. Hərçənd ki, bəzən bu cür kubokları qazanmaq üçün müdafiəyə çəkilib, bir az vaxt aparmağı da bacarmaq lazımdır. "Barselona"nın futbolçularının isə bunu etməyə təcrübələri çatmadı".
Lakin Aslan Kərimov hesab edir ki, "Barsa"nın gəncləri qısa müddət ərzində təcrübə qazanacaqlar:
"Komandada Qabi, Pedri, Yamal kimi çox istedadlı futbolçular var. Əlbəttə ki, onların hər biri qısa zamanda təcrübə qazanacaqlar. Bunun üçün 1-2 ilə ehtiyac var.
Mən əminəm ki, ondan sonra "Barselona" Çempionlar Liqasının qalibi olmaq üçün çalışacaq. Ən azından yarımfinal və final mərhələlərinə gələ bilərlər. Ümumiyyətlə, indiki "Barselona" heyəti Çempionlar Liqasını qazanmağa çox yaxındır. Qarşıdakı illərdə bunun ötəsindən gələ biləcəklərini düşünürəm".
Onun sözlərinə görə, hazırda "Barselona"nın əsas problemi mərkəz müdafiəçiləridir:
"Komandada Pike və Puyol səviyyəsində müdafiəçilər yoxdur. Digər bütün mövqelərdə keyfiyyəti futbolçular var. Məsələn, Lamin Yamal Leo Messinin bəzi uğurlarını ondan daha erkən bacarıb. Ancaq müdafiədə adıçəkilən futbolçuların yeri dolmayıb. Xüsusilə, Puyolun bir kapitan olaraq əvəzini verən də hələlik yoxdur.
Hər halda, indiki heyətdəki gənc futbolçular püxtələşəndən sonra "İnter"lə matçdakı kimi səhvlərə yol verməyəcəklər. Ondan sonra bu komandanın Çempionlar Liqası çempionu olma ehtimalı kifayət qədər yüksək olacaq. Yəni "Barselona" hazırkı heyətilə sözügedən turniri qazanmağa çox yaxındır".
Pərviz