Başda Google olmaqla Spotify, Snapchat və Discord kimi bir çox böyük platform cümə axşamı günü qlobal səviyyədə yaşanan internet kəsintisi səbəbilə ciddi giriş problemləri ilə üzləşib.
Problemin internetin böyük hissəsinə infrastruktur xidməti göstərən Google Cloud platformasındakı texniki nasazlıqlardan qaynaqlandığı bildirilib.
İzləmə platforması Down Detector-a əsasən, Google Axtarış, Gmail, Xəritələr, Meet, Nest kimi bir çox Google məhsuluna giriş mümkün olmayıb. Lakin problem yalnız Google xidmətləri ilə məhdudlaşmayıb; Snapchat, Discord, Spotify, Pokémon rəqəmsal kart oyunu və süni intellekt aləti Character.ai kimi Google infrastrukturu üzərində işləyən üçüncü tərəf platformalar da təsirlənib.
Bir çox internet xidməti fəaliyyətini dayandırdı
Kəsintidən Etsy, Shopify, UPS, Roblox kimi məşhur platformalar da təsirlənib. Həmçinin dünya üzrə çox sayda internet saytına infrastruktur təmin edən Cloudflare kimi şəbəkə xidmətlərində də nasazlıqlar müşahidə olunub. Lakin Cloudflare öz sistemlərində hər hansı bir kəsinti olmadığını bəyan edib.
Down Detector-un məlumatlarına görə, problem qlobal miqyasda geniş istifadəçi kütləsini əhatə edib. Google-un xidmət vəziyyətini izləyən rəsmi səhifəsində də şirkətin bütün regionlarında xidmət kəsintilərinin baş verdiyi təsdiqlənib.
Kəsintilər ABŞ-ın şərq sahilində təxminən saat 14:00 radələrində başlayıb. Google qısa zamanda problemin fərqində olduğunu açıqlasa da, sistemlərin tam bərpası bir neçə saat çəkib.
Google Cloud-un rəsmi səhifəsində qlobal miqyasda çoxsaylı xidmətlərdə problem yaşandığı bildirilib. Üçüncü tərəf şirkətlərin öz xidmətlərini təqdim etmək üçün istifadə etdiyi bir çox texnologiya da bu müddətdə fəaliyyətsiz qalıb.
Google açıqlamasında “yaşanan kəsintidən təsirlənən hər kəsdən üzr istəyirik” deyib. Lakin problemin dəqiq səbəbi açıqlanmayıb, yalnız əsas səbəbin müəyyən edildiyi və lazımi düzəlişlərin tətbiq edildiyi bildirilib. Şirkət bəzi nasazlıqların hələ də davam edə biləcəyini və sistemlərin tam nə zaman normallaşacağının naməlum olduğunu bildirib.