AZ

İsrail hərbi əməliyyatlar üçün tələsdi - AÇIQLAMA

ABŞ rəsmilərinə İsrailin İrana qarşı əməliyyat keçirməyə tam hazır olduğu bildirilib.

Bakıvaxtı.az bu barədə "CBS Nyus"a istinadla xəbər verir.

Nəşrin yazdığına görə, eyni zamanda ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff yaxın günlərdə ölkənin nüvə proqramı üzrə danışıqların altıncı raundu üçün İranla görüşməyi planlaşdırır. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İranın nüvə proqramı üzrə ABŞ ilə danışıqların altıncı raundunun iyunun 15-nə Maskatda təyin edildiyini açıqlayıb.

Altıncı raundun nəticələri effektiv ola bilərmi və tərəflərin gözləntiləri doğrulacaqmı?

Politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bu mövzunu şərh edib.

Onun sözlərinə görə, İsrail ilə İran arasında müharibənin başlaması üçün mövcud olan mümkün şərtlərin həyata keçirilməsinə ehtiyac var:

"İsrail ən azından Amerika ilə müəyyən razılaşmalar əldə etməlidir ki, İranla müharibəyə başlayanda ABŞ onu müdafiə etsin. Yəni, İsrailin boş yerə İranla üz-üzə gələcəyi real görünmür. Eyni zamanda İran qoyulan tələbləri yerinə yetirməsə və nüvə danışıqlarından çəkilərsə, Amerika da bu məsələdə maraqlı ola bilər”.

Samir Hümbətov, politoloq

Müsahibimiz hesab edir ki, əslində Amerika İrana zərbə endirə biləcəyini hesablayır, amma İranın atacağı addımların nədən ibarət olacağını bilmir. Dediyinə görə, İran Amerikanın həmin bölgədəki hərbi bazalarını vura bilərmi və İsrailə nə qədər təsir edə bilər?! Ona görə də tərəflər hərbi əməliyyat üçün tələsmirlər.

S.Hümbətov qeyd edib ki, İsrail hərbi əməliyyatlar üçün bir az tələsir, amma İran və ABŞ bu məsələdə tələsməyə meylli görünmür. ABŞ və İranın əsas məqsədi prosesi uzatmaqdan ibarətdir.

Gülşən Şərif

Seçilən
11
bakivaxti.az

1Mənbələr