AZ

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının və sabit inkişaf yolunun başlanğıcıdır - RƏY

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixdə silinməz izlər qoymuş, milyonlarla insanın dərin rəğbətini qazanmış nadir və fenomenal şəxsiyyətdir. Ulu Öndərin əvəzsiz xidmətlərinin zirvəsi isə gələcək nəsillərə ərmağan etdiyi dəyərlərlə tamamlanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib.

O qeyd edib ki, 1991-1993-cü illərdə ölkədə hökm sürən xaos, siyasi qeyri-sabitlik və sosial-iqtisadi böhran dövründə Ümummilli Lider Heydər Əliyev Naxçıvan Ali Sovetinə rəhbərlik edərək mühüm tarixi addımlar atıb. Məhz Ulu Öndərin səyləri nəticəsində “Ümid körpüsü” istifadəyə verilib, üçrəngli Bayrağımız Naxçıvanda ucaldılıb, “sovet sosialist” ifadəsi Naxçıvan MSSR-in adından çıxarılıb və bölgədə siyasi sabitlik təmin edilib. “Lakin həmin dövrdə Bakıda vəziyyət daha gərgin idi. Siyasi çəkişmələr, maliyyə çətinlikləri və vətəndaş qarşıdurmaları ölkəni çıxılmaz vəziyyətə salmışdı. Xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və 1993-cü il iyunun 9-da Azərbaycan Ali Sovetinə gələrək bəyanatla çıxış etdi. Sonra Gəncədə baş verən qiyamın yatırılmasında mühüm rol oynadı. Bu hadisədən altı gün sonra, iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün ölkənin taleyində dönüş nöqtəsi oldu və Milli Qurtuluş Günü kimi tarixə düşdü. Qısa müddət ərzində Azərbaycanı parçalanma və fəlakət təhlükəsindən qurtararaq sabitlik, inkişaf və tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyev, xüsusilə gəncliyin inkişafına böyük önəm verib. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) yaradılıb. 1996-cı və 1999-cu illərdə Azərbaycan Gənclərinin forumları təşkil olunub. 2 Fevral - Gənclər Günü təsis edilib, 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Qanun qüvvəyə minib, idmanda fərqlənən gənclər dövlət mükafatları ilə təltif olunublar”, - deyə Kənan Qubadzadə diqqətə çatdırıb.

O vurğulayıb ki, bu uğurlu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini doğruldub. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması, dövlət proqramlarının həyata keçirilməsi, gənclər evləri və olimpiya idman komplekslərinin istifadəyə verilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

“Əldə olunan uğurlar, qazanılan nailiyyətlər və şanlı Zəfər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini daha da artırır. Bu gün bizim üçün simvola çevrilib”, - deyə Kənan Qubadzadə əlavə edib.

 

Seçilən
4
azertag.az

1Mənbələr