AZ

İran ciddi zərbə alıb: "Nüvə razılaşması olmasa hücumlar davam edəcək"

Yaxın Şərqdə gərginliyi daha da alovlandıran mühüm bir hadisə baş verib. İsrail Hərbi Hava Qüvvələri İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. “Operation Rising Lion” adlandırılan bu əməliyyat çərçivəsində İranın nüvə obyektləri, ballistik raket bazaları və İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri hədəf alınıb.


Bu əməliyyatlarda məqsəd İranın nüvə razılaşmasına getməsidir. Bəs belə zərbələrdən sonra İran nüvə razılaşmasına gedəcəkmi?

 

Sfera.az-bu barədə açıqlama verən politoloq Natiq Miri hazırda İran dövlətinin çətin vəziyyətə düşdüyünü bildirdi. Onun sözlərinə görə, İran daxili ictimai rəyini sakitləşdirmək üçün hökmən qısas əməliyyatı həyata keçirməlidir. 


Politoloq İranın bu istiqamətdə ciddi addımlar atmadığını dedi:

 

“Yalnız bəzi dronların İsrailə doğru göndərildiyi barədə məlumatlar var. Bu dronlar da İsrailə ancaq çatacaq. Bir çox ehtimallara görə onların İsrailə çatmaq ehtimalı böyük deyil. Çünki əvvəlki əməliyyatlarda da dronların böyük əksəriyyəti İsrail ərazisinə çata bilməmişdi. 
Paralel olaraq ABŞ-nin qırıcı təyyarələri havaya qaldırılıb, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri də İranın hücumlarına qarşı hazır vəziyyətə gətirilib. Yəni bu əvvəlcədən planlaşdırılmış, düşünülmüş və həm ABŞ, həm də Böyük Britaniya ilə razılaşdırılmış bir əməliyyatdır. Bunun hansı cavab reaksiyasına səbəb olacağını İsrail və onun müttəfiqləri yəqin ki, nəzərə alıblar”. 

 

 

Politoloq növbəti mərhələdə İranın ballistik və hipersəs raketləri ilə İsrailə hücum edə biləcəyini qeyd edib. 

 

O bildirib ki, verilən məlumata görə, təxminən 300-ə yaxın nüvə və hərbi infrastruktur əsas hədəf olub:

 

“Bu çərçivədə hərbi və raket bazaları, nüvə obyektləri əsas zərbə nöqtələri kimi seçilib. Bu kontekstdə isə İranın hansı səviyyədə cavab verəcəyi və bu hücum nəticəsində konkret hansısa hərbi nəticələr əldə edə biləcəyi hələ ki, qaranlıqdır. Çünki hələlik kəşfiyyat məlumatları bunu tam təsdiqləməsə də, müşahidələrə əsaslanan informasiyalar göstərir ki, İran çox ciddi zərbə alıb və bu hava zərbələrinin davamlı olacağı ilə bağlı İsrail rəsmiləri tərəfindən də açıqlama verilib. Məsələnin hərbi tərəfi ilə yanaşı, siyasi və diplomatik konteksti də diqqətəlayiqdir”.

 

N.Miri ABŞ-İran nüvə danışıqlarının artıq dayandırıldığını və əslində ABŞ ilə İran arasında razılaşmanın əldə olunmamasının bu əməliyyatın həyata keçirilməsi üçün şərait yaratdığını vurğulayıb:


 “Bu, daha çox təzyiq xarakterli bir hücumdur. Çünki ABŞ İranı istədiyi razılaşmalara masada razı sala bilmədi və bu məqsədə hərbi vasitələrlə birbaşa deyil, İsrailin əli ilə çatmağa çalışır. Bu, birgə planlaşdırılmış və konkret siyasi nəticələrə hesablanmış bir əməliyyatdır.
Bundan sonra İran ABŞ ilə danışıqlara qayıdacaqmı? Bu, böyük ehtimalla İsrailin növbəti hücumlarının nəticələrindən asılı olacaq. Əgər bombardmanlar nəticəsində İranın nüvə mərkəzləri sıradan çıxarılarsa, hərbi və raket bazaları məhv edilərsə, o zaman İranın güzəştə getməsi və ABŞ-nin tələblərini qəbul etməsi ehtimalı artır. Hələ ki, İranın ali dini lideri Ayətullah Xamenei buna razılıq verməyəcək. Hazırda o, daha çox “qisas” ritorikası ilə çıxış edir, lakin bu bəyanatlar əsasən daxili auditoriyaya ünvanlanıb. Onu da nəzərə almaq lazımdır ki, bu zərbələr təkcə hərbi bazalara və nüvə obyektlərinə deyil, həmin strateji obyektlərə rəhbərlik edən şəxslərə, yəni prosesi idarə edən komandirlərə, güc strukturlarının rəhbərlərinə və generallara da yönəlib və onların böyük əksəriyyəti zərərsizləşdirilib. Bu, çox ciddi bir mesajdır”.

 

Analitik öz generallarını belə müdafiə edə bilməyən bir İranın hər açıqlamada İsraili məhv edəcəyi ilə hədələməsinin, ciddi qəbul edilmədiyini dedi:

 

“Əgər zərbələr kifayət qədər güclü və ağır nəticəli olarsa, İranın müəyyən formatlarda yenidən masa arxasına keçmək məcburiyyəti yaranacaq və bu zaman ABŞ-nin şərtlərini qəbul etməsi ehtimalı da artacaq. Çünki İranın nə İsrailə, nə də onun havadarı və strateji müttəfiqi olan dövlətlərə qarşı genişmiqyaslı müharibə aparmaq potensialı yoxdur. Doğrudur, Yaxın Şərqdə ABŞ və müttəfiq dövlətlərin bəzi bazalarını hədəf almağa çalışır, lakin növbəti hücum əməliyyatlarında İranın bu potensialı çox rahatlıqla sıradan çıxarıla bilər. İran əsasən ballistik və hipersəs raketlərinə arxalanır, amma bu silahların da effektivliyi bir dəfəlik məhdudlaşdırıla bilər”.

 

Müsahibimiz bildirib ki, İran zaman-zaman öz hava hücumundan müdafiə sistemlərinin güclü olduğunu bəyan etsə də, nə üçünsə indiyə qədər bir dənə də olsun İsrail qırıcısını vura bilməyib:

 

“Yəni İsrailin bütün qırıcı və bombardmançı təyyarələri, demək olar ki, salamat şəkildə əməliyyatları həyata keçirə və öz bazalarına geri dönə bilirlər. Bu da onu göstərir ki, İranın hava hücumundan müdafiə sistemləri ya tamamilə məhv edilib, ya da qeyri-effektivdir. Belə olan halda, İranın hava məkanı İsrail üçün açıqdır və bu da o deməkdir ki, bundan sonra istənilən strateji mərkəzə zərbələr rahatlıqla endirilə bilər.Yalnız bu mərhələdən sonra artıq konkret danışıqlardan və mümkün nəticələrdən bəhs etmək mümkün olacaq”.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
23
50
sfera.az

10Mənbələr