BAKI, 13 iyun. TELEQRAF
İsrailin zərbələrinə cavab olaraq İranın Qum şəhərindəki Cəmkəran məscidi üzərində qırmızı qisas bayrağı qaldırılıb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Qırmızı bayraq 2024-cü ilin sentyabrında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin və 2020-ci ilin yanvarında İran İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı general Qasım Süleymaninin öldürülməsindən sonra da qaldırılmışdı.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.