AZ

Yayda hərəkətdə olan maşında kondisioner işlətməli, yoxsa pəncərələri açmalıyıq – ARAŞDIRMA - FOTO

Yay ayları yaxınlaşdıqca avtomobil idarə etmək daha da çətinləşir. Xüsusilə isti havalarda sürücülər kondisioneri işə salmaqla və ya sadəcə pəncərələri açmaqla sərinləməyə çalışırlar. Bəs bu hallarda hansı seçim yanacağa daha az təsir edir?

Avtosfer.az xəbər verir ki, bu sualın birmənalı cavabı yoxdur. Çünki avtomobilin sürəti, ətraf mühitin temperaturu və yol şəraiti bu qərarın doğruluğunu müəyyən edən əsas faktorlardır.

“Consumer Reports”un araşdırmalarına görə, kondisionerdən istifadə yanacaq sərfiyyatını təxminən 10% artıra bilər. Lakin pəncərələrin açılması da düşündüyünüz qədər günahsız deyil. Yüksək sürətlə hərəkət zaman açıq pəncərələr hava müqavimətini artıraraq mühərrikin daha çox güc sərf etməsinə və beləliklə də daha çox yanacaq sərf olunmasına səbəb olur.

“Avtomobil Mühəndisləri Cəmiyyəti”nin (SAE) hesabatına əsasən, avtomobil 88 kilometr-saatdan yüksək sürətlə hərəkət etdikdə açıq pəncərələr yanacaq səmərəliliyini 20%-dək azalda bilər. Bu səbəbdən mütəxəssislər sürücülərə aşağıdakı tövsiyələri verirlər:

Şəhər daxilində (60 km/saatdan aşağı) pəncərələri açmaq daha qənaətcil seçim ola bilər.

Orta sürət (60-80 km/saat): Kondisioner və açıq pəncərələr arasında ciddi fərq olmaya bilər. Az rejimli kondisioner üstünlük təşkil edə bilər.

Yüksək sürətlər (80 km/saatdan yuxarı): Külək müqaviməti artdığı üçün kondisionerdən istifadə daha məqsədəuyğundur.

Sadəcə kondisioner və ya pəncərə seçimi kifayət etmir. İstifadə üsulu da vacibdir.

Mütəxəssislər aşağıdakı məqamları da nəzərə almağı tövsiyə edirlər:

1) Kondisioneri maksimum rejimdə deyil, tədricən istifadə edin;

2)Avtomobili işə saldıqdan sonra bir müddət pəncərələri açıq saxlayın ki, salonun temperaturu düşsün və kondisionerə düşən yük azalsın;

3)Daxili hava dövriyyə rejimi (resirkulyasiya) salondakı havanı daha tez soyudur və yanacağa qənaətə müsbət təsir edir.

Bir sözlə, "kondisioner, yoxsa pəncərə?" sualının cavabı konkret deyil. Hər sürücü yol, hava və sürət şərtlərini nəzərə alaraq ən uyğun və qənaətcil variantı özü müəyyən etməlidir. Doğru istifadə tərzi həm avtomobilin rahatlığını, həm də cibinizi qorumağa kömək edəcək.

Eltac Zülfüqaroğlu

Seçilən
16
1
avtosfer.az

2Mənbələr