AZ

Balaxanı neftçiləri hasilat ərazilərinin ekoloji mühafizəsinə dair elmi sessiyada iştirak ediblər

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Mətləb Atayevin təşəbbüsü ilə “Balakhani Operating Company LTD” tərəfindən hasilat ərazilərinin ekoloji mühafizəsi mövzusunda elmi sessiya təşkil olunub. Bu yaxınlarda qeyd olunan "Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü"nə həsr edilmiş akademik müzakirəyə Balaxanı neftçiləri ilə yanaşı, “Surakhani Oil” və “Azgerneft” şirkətlərinin əməkdaşları da qatılıblar.

AZƏRTAC xəbər verir ki, sessiya zamanı dosent Mətləb Atayev sənaye müəssisələrinin ekoloji pasportlarının hazırlanması, beynəlxalq normativ aktlara uyğun olaraq, tullantıların səciyyələndirilməsi və dərəcələrinin müəyyənləşdirilməsi, eləcə də hasilat sahələrində sanitar-ekoloji mühafizə zonalarına dair tələblər, heyət üzvlərinin səhhətinə təsirin minimuma endirilməsi üçün əməliyyatların səmərəli təşkili kimi mövzulara toxunub.

Mühazirədə laya təsir üsullarında istifadə olunan kimyəvi, mexaniki və termiki metodlara dair aparılmış araşdırmaların nəticələri də müzakirə edilib.

Sual-cavab hissəsi ilə davam edən elmi sessiyadan sonra ətraf mühitin mühafizəsi üzrə şirkət prezidentinin müavini Ramil Əliyev çıxış edərək bildirib ki, ölkənin ekoloji mühafizə ilə bağlı ildən-ilə təkmilləşən normativ bazasına uyğun olaraq, “Balakhani Operating Company LTD” bu ildən etibarən hasilat sahələrində lay sularının 100 faiz utilizə edilməsinə, onların torpaq qatlarına geri qaytarılmasına, eləcə də tullantılara məruz qalmış torpaqların 80 faizinin müxtəlif üsullarla rekultivasiya yolu ilə təmizlənməsinə nail olub.

Hasilat ərazilərinin ekoloji qorunması istiqamətində digər önəmli addımlar sırasında səmt qazlarının idarəolunması üzrə infrastrukturun yenilənməsi və bununla da qaz sızmalarının tam qarşısının alınması, eləcə də yaşıl zolaqların davamlı şəkildə genişləndirilməsi də yer alır.

O, əlavə edib ki, hasilat prosesində yaranan tullantıların təkrar emalı məqsədilə tərəfdaşlarla birgə həyata keçirilən layihələrin sayı artırılmaqda davam edir.

Qeyd edək ki, cari ilin fevral ayında “Balakhani Operating Company LTD” ilə ADNSU arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, bir sıra sahələrlə yanaşı, ekoloji mühafizə və dayanıqlılıq üzrə elmi əsaslara söykənən innovativ həllərin birgə işlənməsi istiqamətində də razılıq əldə olunub.

 

Seçilən
84
6
azertag.az

8Mənbələr