Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bəzən yerimizin səhv düşməsi üçün həyatı günahkar hesab edirik. Hər dəfə bununla qarşılaşanda, “ey həyat, sən nə qəribəsən”,- deyib keçirik. Təəssüfümüzü həyata yükləyirik. Lakin əslində bu məsələdə həyatın nə günahı? Həyat zamanın bir kəsiyidir. Bu kəsik bizimlə sıx əlaqədə olsa da, lakin o, sakitcə öz axarındadır. Həyatda nə baş verirsə, insanlarla bağlıdır. Elə çox vaxt yerlərimizin səhv düşməsinin də həyatla əlaqəsi yoxdur, birbaşa insanların tamahından, bir-birinə yarınmaq meylindən, yaxşını görməməsindən, pisi kimlərinsə xahişi əsasında irəliyə çəkməsindən irəli gəlir.
Beləliklə, səhv düşəndə yerimiz, əziyyət çəkirik, könlümüz qırılır, qəlbimiz sınır. Əziyyətimiz yerə çırpılır, cilik-cilik olur. Gecə-gündüz yuxusuz qalıb kitablardan aldığımız bilik üzümüzə sillə kimi vurulur. Bacarığımız, qabiliyyətimiz, istedadımız bunların hər biri bizdən zəif olanların yanında alçaldılır.
Məsələn, gənc universiteti bitirir, işə qəbul imtahanı verir. Baxmayaraq ki, yüksək bal toplayır, lakin dayısı olmadığı üçün qalır kənarda, dayısı olan isə irəlidə-onun yerində. Lakin o, qoyulduğu vəzifədə yerinə keçdiyi gəncin dövlətə, cəmiyyətə verəcəyin töhfəni verə bilmir. Dayısının kölgəsinə sığına-sığına həyatını yaşayır. Bəli, yerimiz belə səhv düşür. Bunu kim edir, insanlar.
Uzun illər bir idarə, müəssisə və ya təşkilatda çalışan işçinin zamanı çatanda bir qədər yuxarı vəzifəyə qalxması üçün imkan yarananda, bir də baxırıq ki, o təcrübəli, ziyalı insan qaldı bir tərəfdə, bu keyfiyyətlərdən uzaq digər bir işçi həmin vəzifəyə layiq görüldü. Nə üçün görüldü, çünki dayısı var, o, tapşırıb.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Beləliklə, nə baş verir? Yerlərimiz səhv düşür. Bacaranlar, bacarıqlılar geridə, bunlardan uzaq olanlar isə öndə. Bunu kim edir? Əlbəttə, insanlar.
Heç uzağa getməyək, bəzi qurumların jurnalistlər üçün keçirdiyi yazı müsabiqələrindən danışaq. Kim deyər ki, burada həmişə ədalət qalib gəlir? Bunu müşahidə edən varmı? Mənimlə razılaşarsınız ki, baxmayaraq ki, qaydaları hər dəfə gözümüzün içinə soxurlar ki, yox, əsla burada yanlış ola bilməz, lakin bu qaydalarda bir qaydasızlıq var, bilən, bilir. Bir də görürük ki, bu müsabiqələrdə yerlərimiz nə yaman səhv düşüb... Ən yaxşı yazılar, ən sanballı jurnalistlərin yazıları axırdadır. Burada necə, dayı məsələsi yoxdur? Bəlkə dayı məsələsinin bir başqa variantı da bizim sahədə həyata keçirilir?
Hər nə isə, bunu həyat etmir ki, dili olan insan edir. Deyir ki, məsələn, birinci yeri verək filankəsə ki, acıqlanıb sabah qüsurlarımızı açıb ölkə ilə bir etməsin. İkinci yeri verək filankəsə ki, sazişimiz var axı, bizdən yaxşı şeylər yazsın. Üçüncü yeri verək filankəsə ki, onu illərdir, ancaq susdurmuşuq.
Beləliklə, nə baş verir? Yaxşı jurnalistlərin yazıları kənarda qalır. Səsini çıxaranda isə deyirlər ki, bəs inanın Allaha, Tanrıya, göydəki gözəgörünməzə ki, bizim xəbərimiz yoxdur, bunları ekspertlər imzasız oxuyub. Amma son qərarı ekspertlərin özləri belə verə bilmir axı. Beləliklə də yerlərimiz səhv düşür. Daha doğrusu səhv salınır.
Bu “dayı”, “tapşırıq” məsələsi nədirsə, bizim cəmiyyətimizi qurd kimi basıb. Hara çönürsən dayı, hara gedirsən, dayının tapşırığı, yarınanlar... Nə vaxtadək, harayadək? Buna bir son qoyulmalıdır, ya yox?.. Cavab maraqlı olar!
Mətanət Məmmədova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.