AZ

İsrail-İran qarşıdurması: Tarixdə nələr olub? - ARAŞDIRMA

İsrail və İran arasında yaşanan son gərginlik iki ölkə arasında onillərdir davam edən qarşıdurmanın açıq hərbi mərhələyə keçdiyini göstərir. Sonuncu insidentdə İsrailin İranın nüvə və hərbi obyektlərini hədəf alması, Tehranın cavab olaraq İsrailə yüzlərlə pilotsuz uçuş aparatı (PUA) göndərməsi ilə nəticələnib. Lakin bu qarşıdurma yeni deyil. 


Sfera.az tarixi faktlara əsaslanaraq xəbər verir ki, İsrail və İran uzun illərdir, əsasən dolayı yollarla – Suriya, Livan, Qəzza və kiberməkan üzərindən bir-birinə qarşı düşmənçilik siyasəti aparır. 

 

İsrail 2017-ci ildən bəri İrana məxsus Suriya ərazisindəki hərbi infrastruktur və silah anbarlarını mütəmadi olaraq bombalayıb. İranın dəstəklədiyi Livandakı Hizbullah təşkilatı isə bu illər ərzində İsrailə qarşı dəfələrlə raket hücumları həyata keçirib. Ən ciddi toqquşmalardan biri 2006-cı ildə baş verib. Həmin il İsrail ilə Hizbullah arasında başlanan 33 günlük müharibədə 1 200 livanlı və 160 israilli həlak olub. 


Digər qarşıdurma isə Qəzza zolağında baş verən qarşıdurmadır. İranın maliyyə və texniki dəstək göstərdiyi HƏMAS təşkilatı da İsrailə qarşı aktiv fəaliyyət göstərib. 2021 və 2023-cü illərdə Qəzza zolağında baş verən müharibələr zamanı HƏMAS tərəfindən İsrail ərazilərinə minlərlə raket atılıb. İsrail isə Qəzza zolağını hava hücumları ilə cavablandırıb. 


İki ölkə arasında gərginliyin digər bir forması isə kiberməkanda müşahidə olunub. 2010-cu ildə İsrailin ABŞ ilə birlikdə həyata keçirdiyi “Stuxnet” adlı kiberhücum nəticəsində İranın “Natanz” nüvə obyektində ciddi texnoloji zərərlər yaranıb. Buna cavab olaraq İran da İsrailin su, enerji və nəqliyyat infrastrukturlarına qarşı kiberhücumlar həyata keçirib. 


İsrailin İranın nüvə proqramına qarşı mübarizəsində sui-qəsdlər də mühüm yer tutur. 2020-ci ildə İranın aparıcı nüvə alimi Möhsün Fəxrizadənin Tehranda qətlə yetirilməsi bu strategiyanın ən diqqətçəkən nümunələrindən biri olub. İran bu sui-qəsdin arxasında İsrailin dayandığını açıqlayıb. 


2025-ci ilin iyun ayında baş verən hadisələr tərəflər arasında gərginliyin pik həddə çatdığını da göstərdi. İsrailin İrana qarşı həyata keçirdiyi hava əməliyyatlarına cavab olaraq Tehran İsrailə 100-dən çox pilotsuz uçuş aparatı göndərib. Bu, iki ölkə arasında indiyə qədərki ən genişmiqyaslı birbaşa qarşıdurma kimi qiymətləndirilir. 


Analitiklər xəbərdarlıq edirlər ki, İran və İsrail arasında genişlənən qarşıdurma təkcə regional sabitliyi deyil, həm də beynəlxalq enerji təhlükəsizliyini təhdid edə bilər. Xüsusilə Hürmüz boğazının bağlanması ehtimalı dünya bazarlarında neft qiymətlərini sürətlə artıra və qlobal enerji böhranına səbəb ola bilər. Hazırda bütün dünya Tehranın növbəti addımını gözləyir.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
41
sfera.az

1Mənbələr