AZ

“Fond pulu” yığan məktəbləri qınamaq olmaz - Ekspert

Valideynlərin məktəblərə verdiyi “fond pulu” adlandırılan ianələr rəsmi sənədlərdə qanunsuz sayılır. Lakin bu təcrübə hələ də bir çox məktəbdə mövcuddur. Dövlət büdcəsindən ayrılan vəsait təhsil müəssisələrinin gündəlik ehtiyaclarını tam qarşılamalıdırmı? Təmir işlərindən tutmuş imtahan üçün qələm və kağıza qədər - bu xərclər kimin üzərinə düşür?

 

Mövzu ilə bağlı fikirlərini təhsil jurnalisti Məzahir Məmmədli AzEdu.az-a açıqlama verib:

162184

"Bu məsələlərlə bağlı cəmiyyət olaraq məktəblərin üzərinə bir qədər  çox gedirik. Məktəblər fond pulu yığdı, süpürgə pulu yığdı, digər vasitələrlə pul topladı və s. Bu məsələlərə biz cəmiyyət olaraq bir qədər fərqli yanaşmalıyıq.

 

Açıq deyim ki, hər şey cəmiyyətə təqdim olunduğu kimi deyil. Kimsə məktəbə ianə edə bilər. Amma bu gün bizim məktəblərə çox böyük basqılar var. 8 Mart bayramı gəlir, müəllimlərə dərhal xəbərdarlıq olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, regional idarələrdən, Təhsil Nazirliyindən ard-arda xəbərdarlıqlar gəlir. Müəllimlər Günü gələndə yenə xəbərdarlıqlar davam edir. Bu cür hallar müəllimləri həm nüfuzdan, həm də cəmiyyətdə gözdən salır. Elə bir təəssürat yaranır ki, guya bütün müəllimlər korrupsiyaya bulaşıblar, rüşvət alırlar”.

 

Ekspert problemin həllini məsələnin şəffaf şəkildə tənzimlənməsində görür:

 

“Məktəblərdə ianə toplanması məsələsi qanuni və açıq şəkildə aparılsa, daha sağlam olar. Məktəblərdə yüz cür problem olur. Məsələn, bir parta sınır, bir işıq yanmır, bir şüşə qırılır. Bu kimi hallarda məktəb rəhbərliyi xüsusi qaydada akt tərtib etməlidir. Həmin akt regional aidiyyəti üzrə icra orqanına təqdim olunmalıdır, sonra icra orqanı qərar qəbul edib onu Maliyyə İdarəsinə göndərir.

 

Maliyyə İdarəsi də uyğun vəsaiti ayırmalıdır. Bu proses bilirsiniz nə qədər vaxt aparır? Düşünün ki, qış vaxtı məktəbdə bir işıq yanmır və bu problemin aradan qaldırılması üçün həmin uzun prosedurlar gözlənilməlidir. Belə halda, məktəb rəhbərliyinin əlində müəyyən bir büdcəsi olmalı deyilmi? Orta məktəblər üçün publik hüquqi şəxs status təklifi irəli sürülüb, yəqin ki, bu qəbul edilərsə, məktəblər bundan sonra maliyyə məsələlərində daha müstəqil olacaqlar. Mən şəxsən belə düşünürəm ki, məktəblərin ianə yolu ilə pul toplamalarına nə tam şəkildə qadağa qoyulmalı, nə də sosial şəbəkələrdə bu qədər kəskin müzakirə olunmalıdır. Çünki bu cür müzakirələr məktəbi və müəllimləri gözdən salır”.

Seçilən
18
azedu.az

1Mənbələr