Biləsuvarda 3 müsavatçı həbs edilib. Buna səbəb restoranda baş verən dava olub. Onlar ofisiantı döyməkdə ittiham olunaraq həbs ediliblər.
Musavat.com xəbər verir ki, hadisə 31 dekabr 2024-cü il tarixdə Biləsuvardakı “Zirvə” restoranında baş verib.
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik gününü və yeni il bayramı ilə əlaqədar olaraq “Müsavat” partiyasının Biləsuvar rayon təşkilatının sədri Yusif Mehti 15-16 nəfərlik təşkilat üzvü ilə bir araya gəlib. Onlar Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranında bayramı qeyd ediblər.
Məclis zamanı qonaqlarla ofisiant Orxan arasında mübahisə yaranıb. Buna səbəb qonaqların ofisiantın xidmətindən narazı qalmaqları olub.
Partiya üzvü Ələddin restoranın sahibi olan Niyaz adlı şəxsə zəng edərək ofisiantdan gileylənib. Restoran sahibi də ofisianta zəng edərək onu danlayıb və maaşını kəsəcəyini deyib.
Qonaqlar restorandan çıxan zaman ofisiant Orxan onlara yaxınlaşaraq niyə müdirə şikayət etdiklərini soruşub. Ələddin “mən şikayət etmişəm. Yaxşı qulluq edərdin, şikayət etməzdim” deyib.
Tərəflər arasında sözlü mübahisə zamanı Orxan “daş düşsün belə müxalifətin başına” deyib və tərəflər arasındakı mübahisə böyüyüb.
Döyülən Orxan ifadəsində bunları deyib: “Niyə şikayət etdiklərini soruşdum. Maaşımın kəsiləcəyini dedim. Ələddin “mənə dəxli yoxdur, yaxşı xidmət edərdin, şikayət eləməzdim” deyərək əli ilə də işarə elədi ki, zaldan çıxım. Bu formada davranmalarından əsəbiləşdim. Öz-özümə danışaraq dedim ki, daş düşsün belə müxalifətin başına. Kül bunların da bunlara inananların da başına. İçəridə deyirlər ki, biz xalqın istədiyi hakimiyyəti quracağıq, amma utanmırlar məndən şikayət edirlər, çörəyimə bais olurlar. Bunu eşidən Ələddin “ağzının zibilini dağıtma” dedi. Mən cavab qaytaranda “sən qələt edirsən böyüyüyün ağzı ilə” dedi. Mən də əsəbiləşərək yerdən taxta parçası götürüb Ələddinin üzərinə getdim. Tanımadığım bir nəfər şəxs taxta parçasını əlimdən aldı. Orada dava düşəndə tanımadığım adamlar da məni vurdu”.
Təqsirləndirilən Ələddin ifadəsində bildirib ki, əvvəlcə Orxan onun başına taxta parçası ilə və ya əli ilə vurub. Bundan sonra dava düşüb.
Dava zamanı təşkilatın üzvlərindən Cabir və Qoşqar da Orxanı vurub. Buna görə onlar da xuliqanlıqda ittiham olunaraq məsuliyyətə cəlb ediliblər.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər azadlıqda olub. Onlar barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Məhkəmə hər üç şəxsi xuliqanlıqda ittiham edərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Onlar barəsində həbs qərarı çıxarılıb və məhkəmə zalında həbs ediliblər.
İlkin Muradov
Musavat.com